Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, Çin ziyalılarının, bu ölkədə yaşayan azərbaycanlıların, tələbələrin iştirak etdikləri tədbir bir dəqiqəlik sükutla başlayıb.
Səfirliyin müvəqqəti işlər vəkili Mətin Mirzə dahi şəxsiyyət, öz ölkəsinə və xalqına sadiq böyük vətənpərvər, Azərbaycanın müasir tarixində xüsusi yeri olan Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb.
Diplomat onun həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda, habelə keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə xalqının, doğma respublikanın hərtərəfli inkişafı istiqamətində gördüyü işləri yada salaraq, Heydər Əliyevin bir rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir şəxsiyyət olduğunu deyib.
Bildirilib ki, Heydər Əliyevin qurub yaratdığı dövlət Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün yeni inkişaf dövrünü yaşayır. Ölkəmizin əldə etdiyi uğurlar beynəlxalq ictimaiyyət tərəfindən maraqla izlənilir.
Bir neçə dəfə Azərbaycana səfər etdiyini bildirən Çin Mincu Universitetinin professoru Xu Cenxua ölkəmizin müasir tarixi ilə bağlı apardığı araşdırmalardan söz açıb. O, belə bir qənaətini bildirib ki, müstəqilliyinin ilk illərində Heydər Əliyev kimi dahi bir lider olmasaydı, Azərbaycanın taleyinin necə olacağı bəlli olmazdı.
Pekin Xarici Dillər Universitetinin müəllimi, filologiya elmləri doktoru Aqşin Əliyev, səfirliyin birinci katibi Rövşən Hüseynzadə və başqaları Heydər Əliyevin Azərbaycanın bir dövlət kimi yaşamasında, ölkənin müxtəlif sahələr üzrə inkişafında misilsiz xidmətlərindən danışıblar.
Sonra Heydər Əliyevə həsr olunan film nümayiş olunub.