Prof. Dərxan Kıdırali,
Beynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti
“Böyük insan bu dünyadan köçüb gedəndə, günəş sanki daha kiçik olur”. Hörmətli Prezident Nursultan Nazarbayev bu fikri, Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin vəfatı ilə bağlı söyləmişdi. Həqiqətən də, Heydər Əliyev Tanrı dərgahına qovuşanda günəş sanki, kiçilmişdi, Azərbaycan günəşsiz, soyuq bir dekabr gününü yaşayırdı. Amma narahatlığa əsas yox idi. Çünki, Heydər Əliyev zəkası, müdrikliyi artıq o soyuq günləri gələcəyə daşımayacaq bir məktəb, yeni bir lider formalaşdırmışdı. Bu müdriklik onu xalqın əbədi liderinə, Ulu Öndərinə çevirdi.
Ümumiyyətlə, Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olub. Onlar zaman-zaman gördükləri böyük işlərlə yadda qalıb, unudulmayıb. Amma bu tarixi şəxsiyyətlər içərisində dünya miqyaslı siyasətçi Heydər Əliyevin əvəzolunmaz yeri var. Həqiqətən də, hələ sovet dönəmində Azərbaycanda ciddi islahat və quruculuq həyata keçirən və bunu müstəqillik illərində böyük şövqlə davam etdirən Heydər Əliyev Azərbaycanın qazandığı ən mühüm nailiyyətlərin şəriksiz müəllifi olubdur.
Mərhum Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə gücləndirməkdə davam edir. O həm də Azərbaycanın bu gün yürütdüyü uğurlu və tarazlaşdırılmış xarici siyasətinin memarıdır. Heydər Əliyev hərtərəfli və dərin siyasi bacarığı, ensiklopedik zəksı ilə bir xalq, bir ölkə, bir qitə çərçivəsinə sığacaq lider deyildi. O, bütün insanlığa məxsus böyük tarixi şəxsiyyət idi.
Heydər Əliyev şəxsiyyəti haqqında cild-cild kitablar, əsərlər yazmaq mümkündür. Amma, diqqəti onun Qazaxıstan-Azərbaycan münasibətlərinə və bütövlükdə Türk Dünyasına xidmətlərinə yönəltmək istəyirəm. Elbaşı Nursultan Nazarbayev böyük siyasi xadim haqqında danışarkən qeyd etmişdi ki, “Heydər Əlirza oğlu Azərbaycan üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görüb. Onun xatirəsi xalqın qəlbində daim yaşayacaq. O, bütün həyatını xalqının rifahına, millətinin dirçəlişinə həsr edib və ölməzlik qazanıb".
Heydər Əliyevin Prezident Nursultan Nazarbayevlə çox səmimi dostluq, qardaşlıq münasibətləri olub. Yaxın keçmişə də baxsaq görərik ki, iki ölkə həmişə bir birini ən yüksək səviyyədə dəstəkləyib. Hər iki lider Türk Dünyasının inteqrasiyası, qaynayıb-qarışması, xalqlarımızın yaxınlaşması üçün inanılmaz səylər göstərib. Maraqlıdır ki, iki böyük liderin müstəqil dövlətin prezidentləri kimi ilk görüşləri də məhz Türk dövlətləri başçılarının II Zirvə görüşünə təsadüf edib. Sammitdə Azərbaycan-Qazaxıstan əlqələrini həm türk dövlətlərinin münasibətləri çərçivəsində, həm də ikitərəfli şəkildə inkişaf etdirmək haqda vacib qərarlar qəbul edilib.
Heydər Əliyev Türk dövlətlərinin inteqrasiyasına xüsusi önəm verirdi. Türkdilli dövlət başçılarının 1998-ci ildə Qazaxıstanın paytaxtı Astanada keçirilən V Zirvəsində, o, toplantının əhəmiyyətini xüsusi qiymətləndirərək qeyd edirdi: “Zirvə toplantısı bizim xalqlarımız, müstəqil ölkələrimizin bu günü və gələcəyi üçün əhəmiyyətli yoldur. Bizim tarixi, milli, mənəvi ənənələri eyni olan türk mənşəli xalqlarımızın hər birinin müstəqil dövlət kimi mövcud olması, əlaqələrini inkişaf etdirməsi, bu əlaqələrdən istifadə edərək tarixi irsimizi, keçmişimizi canlandırması indiki mürəkkəb proseslər dövründə çox mühümdür”.
Türk dövlətlərinin inteqrasiyasına xidmət edən bir çox təşkilat və qurumların yaradılmasında Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Böyük şair Məhəmməd Füzulinin, “Kitabi-Dədə Qorqud” dastanının yubileylərinin UNESCO səviyyəsində qeyd edilməsi, türk dövlətləri başçılarının zirvə görüşlərinin təşkili, türk dünyası üçün onlarca taleyüklü məsələnin irəli sürülməsi və müzakirəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, ortaq dəyərimiz olan “Manas”ın, böyük qazax şair-filosofu Abayın, Əmir Teymurun yubileylərinin Azərbaycanda qeyd edilməsi üçün şəxsən göstəriş vermişdir.
Qeyd etdiyim və sadalamaqla bitməyən yüzlərlə faktlar göstərir ki, Heydər Əliyevi türk dövlətlərinin iqtisadi-mədəni yaxınlaşması, birliyi məsələləri, bu mühüm məsələlərin həyata keçirilməsi yollarının nəzəri əsaslarının işlənib hazırlanması çox düşündürürdü. Bu məsələlər Heydər Əliyevin yeni dövr türk birliyi strategiyasının yalnız bir qismini təşkil edir.
Heydər Əliyev türk dövlətlərinin birliyinə sadəcə etnik köklərin ümumiliyinə əsaslanan birlik kimi baxmaqla kifayətlənməyib, bu birliyin siyasi gələcəyinə öz inamını ifadə etmişdi. “Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyası bəşər sivilizasiyasına yeni, misilsiz nümunələr vermək iqtidarındadır. Bu gün öz egemenliyini (suverenliyini) əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır” – deyərək, türk dünyasının yüksəlişi barədəki strateji mövqeyini çox açıq şəkildə ortaya qoymuşdu.
Bəli, Ulu öndər Heydər Əliyevin çox əhəmiyyət verdiyi türkdilli xalqların, dövlətlərin birliyi və əməkdaşlığı məsələləri bu gün dövlət başçılarımız Nursultan Nazarbayev, İlham Əliyev və müstəqil türk dövlətlərinin rəhbərləri tərəfindən uğurla davam etdirilir. İndi Türk Şurası, TürkPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və Miras Fondu kimi Türk Dünyasının inteqrasiyasına xidmət göstərən beynəlxalq təşkilatlarımız fəaliyyətini genişləndirir.
Əslində, Heydər Əliyev kimi rəhbərlər ona görə böyüklük və ölməzlik qazanırlar ki, onlar xalqı, dövləti tarixin ən çətin sınaqlarından gələcəyə daşımaq gücünə, yetənəyinə sahib olurlar. Tanrı onları cismən aramızdan aparsa belə, onların ruhu, ideyaları, yaratdığı dövlətçilik ənənələri hər zaman yaşayır. Biz bu gün onları xatırlayır və ruhları qarşısında baş əyirik!