Qadın Konsensus Mərkəzi "Qadın fermer təsərrüfatları: problemlər, təşəbbüslər və uğurlar" mövzusunda layihəsinə yekun vurub.
2 ay davam edən layihə çərçivəsində Azərbaycanda kənd rayonlarda qadın fermerlərə təsərrüfatının inkişafına yardım etmək üçün problemlərinin öyrənilməsi, təşəbbüslərinin reallaşması və dəstəklənməsi üçün şəbəkələşmələrinə, dövlət qurumları ilə əlaqələrin möhkəmləndirilməsinə yardım göstərilməsi, uğur hekayələrinin mediada işıqlandırılması və s həyata keçirilib.
Modern.az-ın məlumatına görə, Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızının sözlərinə görə, Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafına artan diqqətlə bağlı kənd təsərrüfatı alternativ sahə kimi xatırlanır.
“ 2015-ci ilin rəsmi statistik məlumatlarına əsasən, əhalinin 36,4 faizi kənd təsərrüfatında fəaliyyət göstərir. 2016-cı ilin statistik məlumatlarına görə isə, ölkədə ümumi sahibkarların 19,9%-ni qadınlar təşkil edir. Təəssüf ki, kənd təsərrüfatı ilə məşğul olan fərdi sahibkarların neçə faizinin qadın olması ilə bağlı məlumat rəsmi statistikada əksini tapmır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, son illərdə kən təsərrüfatına cəlb olunan qadınların sayında artım müşahidə olunub. Amma elə rəsmi rəqəmlərdən də bəlli olur ki, qadınlar əksər hallarda kənd təsərrüfatında aşağı məvaciblərə cəlb olunurlar və artım tendensiyası qadın fermerlərin sayına elə ciddi təsir etməyib”.
Tədbirdə millət vəkilləri Qənirə Paşayeva, Fazil Mustafa, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri, kənd təsərrüfatı, sahibkarlıqla məşğul olan şəxslər, iqtisadçılar və s. iştirak ediblər.
İki ay davam edən layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşıb.
Layihənin məqsədi kənd rayonlarında qadın fermer təsərrüfatlarının inkişafına yardım etmək üçün onların problemlərinin araşdırılması, dövlət qurumları ilə əlaqələrinə kömək etmək və onların uğur hekayələrinin mediada işıqlandırılması olub.
Bu çərçivədə Masallı, Tərtər, Salyan, Neftçala, Qusar, Biləsuvar və s. rayonlarda fəaliyyət göstərən qadın fermerlər araşdırılıb.
Qafar Ağayev