“Xəmsə” damazlıq təsərürfatının təsisçisi və direktoru Mürvət Həsənov hüquqşünas Aslan İsmayılovu məhkəməyə verir.
Məsələ barədə Modern.az-a məlumat verən direktor bunun səbəblərini açıqlayıb.
M.Həsənov deyib ki, A.İsmayılovun əməli yalnız şantaj və şər-böhtanla məşğul olmaqdan ibarətdir:
“O, dövlət rəsmilərindən qurtarıb indi də iş adamlarına keçib. Onun Türkiyədə müdafiə etdiyi “Emre Piliç” firmasının 30 faizi sizə təqdim etdiyim sənədlərdən də göründüyü kimi, ermənilər Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyana məxsusdur.
“Emre Piliç”dən başqa “Orallar” adı ilə fəaliyyət göstərən şirkət də ermənilərə məxsusdur. Hansı ki, hələ də Azərbaycanda fəaliyyət göstərən “Qaradaşlı” broylerə damazlıq yumurta satır. “Orallar” firmasının rəhbərliyində təmsil olunan şəxslər elə yenə də “Emre Piliç”dəki şəxslərdir. Guya bu firmada erməni təmsilçisi olmadığını bildirmək və öz mallarını ölkəmizə satmaq üçün belə yalana əl atıblar. Hansı ki, həmin damazlıq yumurta Azərbaycanda həm bizim təsərrüfatımızda, həm “Azərquşçuluq”un təsərrüfatında, həm də “Nəzərkənd” və “Araz damazlıq”da istehsal edilir”.
M.Həsənov iddia edib ki, A.İsmayılovun erməniləri müdafiə etməsinin arxasında böyük məbləğli müqavilə dayanır:
“Adını hüquqşünas, hüquq müdafiəçisi qoyub, vəkillik edir. Bu günlərdə mənim işgüzar nüfuzuma vurduğu ziyana görə məhkəməyə, eyni zamanda ölkə başçısına, Dövlət Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa və müvafiq instansiyalara müraciət edəcəyəm.
Bunun başqa yolu yoxdur. Axı özü də rəsmi şəkildə “mən erməniləri müdafiə edirəm” deyən birindən başqa nə gözləmək olar ki?”.
Şirkət rəsmisi “Aslan İsmayılovla normal şəkildə danışaraq, müzakirə edərək məsələni həll etməyi düşünmüsünüzmü” sualına cavabında bunun mümkünsüz olduğunu bildirib:
“Onunla söhbət edəndə görürsən ki, fikri yalnız qarşı tərəfdən alacağı 200 min dollardadır. Halallıqdan, haqdan, ədalətdən danışır, amma əməlləri tam olaraq bunun əskini göstərir.
Aslan İsmayılovun “Emre Piliç”in hüquqlarını müdafiə etməsində meydana çıxan məhkəmə predmetinə gəlincə, M.Həsənov buna yaranmış borcu əsas gətirib:
“Biz 2015-ci ilin iyunundan əvvəl . “Emre Piliç”in ortaqlarının erməni olduğunu biləndən sonra o şirkətlə işbirliyimizi dayandırdıq. “Emre Piliç”in erməni ortaqlarının olmasını 29 iyun 2015-ci ildə virtual.az.org saytında yazılan məqaləni oxuduqdan sonra münasibətlərimizi kəsdik. Biz həmin şirkətdən alacaqlarımızı tələb etməyə başladıq. Erməni ortağı olan şirkətin bizə borcu var. Aslan İsmayılov isə erməniləri müdafiə edir. Vəkillik hüququ əlindən alınmasına baxmayaraq, hələ də erməniləri müdafiə edir”.
1996-cı ildə Türkiyənin Kocaeli vilayətində yaradılan “Emre Piliç” hazırda İzmit, Mudurnu, Nallıhan və Ayaş olmaqla 4 bölgədə 9 tarla, 70 toyuq hininə sahibdir. 279 nəfər işçisilə istehsal etdiyi məhsulun 70 faizini idxal edən şirkət həm damazlıq cücə, həm də damazlıq yumurta satışını həyata keçirir.
Gülşən RAUFQIZI