Qabil
Bakı yerliçilik bilməyib
Heç vaxt.
Açıb qucağını öz millətinə
Yaraşdırmayıbdır o boyda
paytaxt
Bu cılız söhbəti xasiyyətinə.
Əzəldən olmayıb bir ehtiyacı
Haralısan? – deyə sorğu-suala.
Tapan burda tapıb burda əlacı,
Yetən burda yetib əqlə-kamala.
Burda Babəklərin ayaq izi var,
Nəsimi Bakıdan ötüb Hələbə.
Bakıda ərsəyə çatıb çobanlar...
Burda alim olub kasıb tələbə.
“Bakı”... Azərbaycan... işığa bir bax!”
Bu ki söz sənəti, bu ki şeirdi.
“Şərqin ilk günəşi burdan doğacaq”
Şair Səməd Vurğun doğru deyirdi.
Vətən torpağının iki daşını
Çalsam bir-birinə çaxmaq daşı tək
Onda itirəcək millət başını,
İtən başımıza od töküləcək.
Bakı küçələri qana batanda...
Bakılı, şəkili qanı qarışdı...
Tanklar əzib töküb, qırıb çatanda
Bir-bir xalqımızdan pasport soruşdu?!
Qərənfil yağışı!.. Nə qiyamət söz,
Bu söz tarixlərdə yaşayacaqdır.
Qərənfil bu gün də közərir köz-köz...
Bu köz tarixlərdə yaşayacaqdır.
İnsan ümmanında tabutlar üzdü,
Bakıda qovuşdu ümmana ümman.
Azadlıq bayrağı əllərdə gəzdi,
Bayraq qan... tabut qan... qərənfilim qan.
Qəzəbli-qəzəbli süzürəm ancaq
Bakıda dolaşan veyilləri də.
Ay Allah, əl açıb dilənir uşaq,
Süzürəm pəhləvan veyilləri də.
El-elə sığışar. Nə olar, sığsın!
El gücü-sel gücü ayrı nağıldı.
Fərari ağlını başına yığsın!
Bu nə kişilikdi, bu nə ağıldı?!
Cəbhədən qaçanı ev
dəftərinə
Yazmayın! – qışqırar əsl
bakılı.
Kim dolub Bakının küçələrinə
Tanımır belə bir nəsil bakılı.
Döyüşçü libaslı dələduz
cavan,
Bir yol heç olmasa qospitala
get.
Get, hal-əhval soruş, bir
yaralıdan,
Elə qospitaldan Bakını tərk et.
Elə qospitaldan cəbhələrə get!
Ey meydannan qaçan, hanı
qeyrətin?
Qoltuq ayrı şeydir, yaxın ayrı
şey.
Bakı pənahıdır bütün millətin,
Pənah ayrı şeydir...
axın ayrı şey...
2 noyabr, 1992.