Dekabrın 20-də Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatıb. Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, üç gün davam edən imtahanlarda 7500 nəfərdən çox müəllim iştirak edib.
Ötən il Masallı və Cəlilabad rayonları üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də bu imtahanlara qatılıblar.
Beləliklə, noyabrın 15-dən start verilən müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb. Ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 36 min nəfər iştirak edib.
Şuşa rayonunun Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin, həmçinin, Sabirabad, Şirvan, Hacıqabul, Abşeron, Qubadlı rayonlarının və Bakı, Sumqayıt şəhərlərinin əvvəlki illərdə imtahanda iştirak etməyən müəllimləri üçün dekabr ayının 25-dən sonra qiymətləndirmə keçiriləcək.
Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.
Nazirlikdən verilən məlumata görə, dekabrın 20-də Masallıda keçirilən Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iki nəfər müəllim yüksək nəticə göstərib.
Lerik şəhər 3 saylı tam orta məktəbin riyaziyyat müəllimi Günel Kərimova və Lənkəran şəhər Sütəmurdov kənd tam orta məktəbinin riyaziyyat müəllimi Günel Aslanlı imtahanda bütün sualları düzgün cavablandıraraq 60 bal toplayıblar.
Modern.az