Bu gecə - dekabrın 22-nə keçən tarixdə Azərbaycan ərazisində fəsillərin dəyişməsi ilə əlaqədar növbəti təbiət hadisəsi baş verəcək. Belə ki, Yer kürəsi Qış Günəş duruşu nöqtəsindən hərəkətə başlayacaq. Nəticədə Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış fəsli başlayacaq.
AMEA Şamaxı Astrofizika Rəsədxanasından Modern.az-a verilən məlumata görə, Qış Günəş duruşunun xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bu gün ən qısa gündüz, gecə isə ən uzun gecə olacaq. .
Yer Qış Günəş duruşundan keçdikdən bir neçə gün sonra gün uzanacaq, gecə qısalacaq.
Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, də dekabrın 22-si Azərbaycanda qışın ilk günü sayılıb.
Xalq təqviminə görə, dekabrın 22-dən sonra təxminən 4-5 gün gecə ən uzun, gündüz isə ən qısa vaxta malik olur. Dekabrın 26-27-dən sonra isə gecə tədricən qısalmağa, gündüz isə uzanmağa başlayır. Bu proses martın 21-dək davam edir. Və martın 21-də yaz gecə-gündüz bərabərliyi baş verir.
Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün boz ay adlanır.
Bu təqvimlə dekabrın 22-dən yanvarın 31-dək böyük çillə, fevralın 1-dən fevralın 20-dək kiçik çillə, fevralın 21-dən martın 20-dək boz ay davam edir.
Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir.
Qeyd edək ki, ildə bir dəfə payız gecə-gündüz bərabərliyi, bir dəfə isə yaz gecə-gündüz bərabərliyi baş veriri. Yaz gecə-gündüz bərabərliyi martın 21-nə, payız gecə-gündüz bərabərliyi sentyabrın 21-nə təsadüf edir...
Modern.az