Əfqanıstan Hərbi Hava Qüvvələrinin ilk qadın təyyarəçisi Nilufər Rəhmani ABŞ-dan sığınacaq istəyib.
Modern.az xarici mediaya istinadən bildirir ki, ABŞ-a təhsil almaq üçün gedən Rəhmani Əfqanıstanda həyatı üçün təhlükə olduğunu deyib.
2013-cü ildə te təhsilini tamamlayıb pilot olduğu zaman haqqında tez-tez yazılan Rəhmani, o dövrdə də bir çox ölüm təhdidi aldığını, ancaq bunlara baxmayaraq, missiyasını davam etdirəcəyini açıqlamışdı.
Ancaq Rəhmanın sözlərinə görə, aradan keçən müddətdə vəziyyət daha da pisləşib və Əfqanıstanın ilk qadın təyyarəçisi ölkədən qaçmağın başqa bir həll yolunu tapmayıb.
“Wall Street Journal”a danışan Rəhmani deyib: "Ölkəm üçün uçmağı çox sevirəm. Hər zaman istədiyim şey budur. Ancaq həyatım üçün narahat oluram”.
Sığınacaq müraciəti qəbul edilərsə, ABŞ Hərbi Hava Qüvvələrində və ya xüsusi uçuşlarda uçmağa davam etmək istədiyini söyləyən Rəhmani bildirib: "Yaşadığım hər şey və çəkdiyim iztirabların tək səbəbi uçmaq istəyimdir, bu mənim xəyalımdır".
Modern.az