Modern.az

Bu il Azərbaycanda 3915 zəlzələ baş verib

Bu il Azərbaycanda  3915 zəlzələ baş verib

27 Dekabr 2016, 14:51

Dekabrın 27-də AMEA nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) akademiyanın Yer Elmləri bölməsinin və  RSXM-nin Elmi - Texniki Şurasının birgə iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda AMEA-nın vitse prezidenti, akademik İbrahim Quliyev, AMEA Yer elmləri bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov  və  bölməyə  daxil olan elmi institut və təşkilatların rəhbərləri, bölmə üzvləri, RSXM rəhbərliyi və Elmi-Texniki Şuranın üzvləri olan alim və mütəxəssislər iştirak ediblər.  AMEA Yer Elmləri bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirovun sədrliyi ilə keçirilən iclasda AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli 2016-cı ildə Mərkəzdə aparılmış elmi və elmi-istehsalat işlərinə dair illik hesabatı təqdim edib. AMEA nəzdində RSXM-nin elmi və elmi-istehsalat şöbələri tərəfindən həyata keçirilən işlər və alınmış nəticələr haqqında danışan baş direktor bildirib ki, 2016-cı il ərzində RSXM-nin respublika ərazisində olan 42 seysmik stansiyası ( 35 daimi və 7 stasionar)  9905  zəlzələ qeydə alıb. 

Bunlardan 3915-i yerli, 3328-i yaxın ərazidə qeydə alınan, 1801-i uzaq məsafədə baş vermiş zəlzələ olub.


Azərbaycan və ona bitişik ərazilərdə  7866, respublika  ərazisində 4365,  dünyada  2039  zəlzələlər RSXM tərəfindən emal edilib. Azərbaycan ərazisində maqnitudası 3-dən yuxarı olan 91 zəlzələ olub. Onlardan 18-i hiss olunub. İl ərzində respublika ərazisində baş verən ən güclü zəlzələ isə 1 avqust 2016-cı il tarixində İmişli ərazisində baş verən və maqnitudası 5.6 olan İmişli zəlzələsi olub. Seysmik baxımdan aktivliyə gəlincə isə baş direktor diqqəti Xəzər dənizinə çəkib. 2014-2016-cı illərdə Xəzərdə seysmik baxımdan aktivliyin artmasının müşahidə olunduğunu bildirən Q.Yetirmişli neft-qaz yataqları ətrafında baş verən hadisələr və neft hasilatında olan azalmalara seysmikliyin təsirləri haqqında da danışıb.


Baş direktor çıxışında hesabat ili ərzində RSXM-də geofiziki, geokimyəvi, geodonamik tədqiqatlar aparıldığını da diqqətə çatdırıb. Həmçinin Mərkəzin xarici ölkələr və beynəzlxalq seysmoloji təşkilatlarla əməkdaşlıq məsələləri, ictimaiyyətlə əlaqələrin qurulması və baş verən zəlzələlərə dair məlumatların operativ şəkildə cəmiyyətə çatdırılması, kadr hazırlığı məsələlərinə dair də illik əldə olunmuş nəticələr təqdim edilib. İclasda həmçinin il ərzində RSXM-də aparılmış elmi tədqiqatların nəticəsinə dair əldə olunmuş mühüm elmi nəticələr təqdim edilib. Təqdim olunan hesabatı və RSXM-də görülən işləri müsbət qiymətləndirən akademik Pərviz Məmmədov mərkəzin qarşısında qoyduğu vəzifələri layiqli şəkildə yerinə yetirdiyini bildirərək, gənc kadrların elmi istiqamətə yönəldilməsinin vacibliyinə toxunub. Müzakirələr zamanı həmçinin akademik Arif İsmayıl-zadə, AMEA-nın müxbir üzvü Telman  Salavatov , akademik Vasif  Babazadə  çıxış ediblər. İclasa yekun vuran  AMEA Yer Elmləri bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov RSXM-nin qarşısına qoyduğu vəzifəni şərəflə yerinə yetirdiyini bildirərək, Mərkəzin illik hesabatını yüksək qiymətləndirib. Hesabat yekdilliklə qəbul edilib.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər