Bu gün xalq artisti, deputat Zeynəb Xanlarovanın 80 yaşı tamam olur. Bu münasibətlə prezident İlham Əliyev dekabrın 26-da Zeynəb Xanlarovaya “Heydər Əliyev” ordeni təqdim edib. Orden Zeynəb Xanlarovaya Azərbaycan mədəniyyətinin inkişafındakı xüsusi xidmətlərinə görə verilib. Xatırladaq ki, Zeynəb Xanlarova 1936-cı ilin bu günü Bakıda doğulub.
Modern.az saytı Zeynəb Xanlarovanın 80 illik yubileyi ilə bağlı Milli Məclisdə ona ən yaxın deputat olan Elman Məmmədovun təəssüratlarını öyrənib. Qeyd edək ki, Elman Məmmədov uzun illərdir parlamentin iclas zalında Zeynəb xanımla yanaşı, bir masa arxasında əyləşir.
“10 ildən çoxdur ki, Milli Məclisdə Zeynəb xanımla yanaşı əyləşirik. Fəxr edirəm ki, Milli Məclisdə Zeynəb xanımın ən yaxın deputat yoldaşı, siyasi aləmdə silahdaşıyam, eyni zamanda dost, yoldaşıq. Fəxr edirəm ki, həyatımın müəyyən bir dövründə dünyanın Zeynəbi ilə Milli Məclisdə deputatlıq edirik. Zeynəb xanım haqqında elə-belə danışmaq olmaz. Zeynəb xanım mədəniyyətimizi, musiqimizi, incəsənətimizi, bütövlükdə Azərbaycanımızı dünyada tanıdan ilk 2-3 nəfərdən biridir. Ləyaqətlə, şərəflə Azərbaycanımızı yüksək səviyyədə dünyanın hər bir yerində təmsil edib. Azərbaycan musiqi sənətinin inkişafında, tanınmasında Zeynəb xanımın misilsiz rolu var. Zeynəb xanım 1985-ci ildən Azərbaycan Respublikası Ali Sovetinin, sonra isə Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Milli Məclisdə vaxtaşırı özünəməxsus çıxışları ilə dövlətçilik, xalqın sözünü demək baxımından həmişə fərqlənib”.
Elman Məmmədov prezident İlham Əliyevin Zeynəb Xanlarovaya olan xüsusi diqqətindən də danışıb.
“Hesab edirəm ki, Zeynəb xanımla hamımız fəxr etməliyik. Azərbaycanımızın incəsənətini, musiqisini təmsil edən Zeynəb xanımımız var. Onu çox istəməliyik. Cənab prezidentimizdən ibrət götürməliyik. Ulu öndərimiz də Zeynəb xanımı ən yüksək dövlət mükafatları ilə qiymətləndirib. Cənab prezident İlham Əliyev də Zeynəb xanımı Azərbaycanın ən yüksək dövlət mükafatları ilə təltif edib və onun haqqında ən xoş sözlər deyib.
Zeynəb xanıma 80 illik yubileyində can sağlığı, uzun ömür arzu edirəm. Bu xanım yaradıcı insandır. Bu gün də o, dayanmır. Yaradıcılıq fəaliyyətini davam etdirir. Bu gün mənə Zeynəb xanımla dostluq, yoldaşlıq etmək nəsib olub. Mən onunla fəxr edirəm. Doğum gününüz mübarək, Zeynəb xanım!”.
Namidə BİNGÖL