Azərbaycanda dövlət strukturlarında baş verən özbaşınalıqlar, korrupsiya halları heç kimə sirr deyil. Bir sıra nazirliklərin, dövlət qurumlarının külli miqdarda büdcə vəsaitinin mənimsənilməsinə hesablanmış tikinti sifarişləri də məhz bu qəbildəndir.
Axı insanların sağlamlığına cavabdeh olan Səhiyyə Nazirliyi niyə xəstəxana tikməlidir? Savadlı gələcəyin qarantı olan Təhsil Nazirliyi niyə məktəb tikintisi kimi əlavə yükü öz çiyinlərinə götürməlidir?
Bütün dövlət qurumlarının tikinti şöbələri var, necə deyərlər, özləri həm sifarışçı, həm də icraçı. Nəticə isə göz önündədir.
Belə çıxır ki, SOCAR işçiləri də müəllimlik, həkimlik edə bilər.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili Modern.az-a deyib ki, hazırda Azərbaycanda dərin iqtisadi islahatlar aparılır:
“Bu islahatlar bütün sahələri əhatə etməyə başlayıb. Strateji yol xəritəsinin hazırlanması ilə bağlı bir çox fərmanlar verilib. Azərbaycanın gələcək iqtisadi inkişaf strategiyası, eyni zamanda iqtisadi artımın yeni mənbəyilə bağlı tamamilə yeni və dərin islahatlar həyata keçirilir.
Bildiyiniz kimi Azərbaycanda Ümumi Daxili Məhsulda (ÜDM) ən çox azalan sahə məhz inşaat sektorunun payına düşür”.
Deputat bildirib ki, inşaat sektorunun canlandırılması ilə Azərbaycanda bu sahədə inkişafa nail olmaq üçün tədbirlər planı hazırlanır:
“Həmin tədbirlər həyata keçirilməkdədir. Daha çevik, daha qənaətcil, eyni zamanda qısa müddətdə böyük layihələri həyata keçirən iqtisadi strukturlara hər zaman ehtiyac var. Bu baxımdan hesab edirəm ki, məsələyə yenidən baxılması və daha çevik strukturların yaradılmasına ehtiyac var. Əminəm iqtisadi islahatlar paketində, eyni zamanda həyata keçirilməsi gözlənilən tədbirlərin içərisində idarəetmə strukturlarında islahatların aparılması ilə bağlı ciddi məsələlər mövcuddur. Bu istiqamətdə də işlər görüləcək”.
Gülşən RAUFQIZI