Modern.az

Gəncəli müəllimlər anonim məktub yazdılar, direktor açıqlama verdi

Gəncəli müəllimlər anonim məktub yazdılar, direktor açıqlama verdi

29 Dekabr 2016, 11:43

Gəncə şəhəri Məhəmməd Hadi adına 10 saylı orta məktəbin müəllimləri, adıçəkilən məktəbin direktoru Arzu Əliyevadan təhsil naziri Mikayıl Cabbarova şikayət məktubu yollayıblar. Müraciətdə göstərilir ki, xanım direktor yaşlı müəllimlərlə şagirdlərin yanında kobud rəftar edir, işçilərdən rüşvət alır. Hətta, Vahid adlı işçinin yerinə 6000 manat almaqla Kazımov Arzu adlı müəllim işə götürüb.

“Digər bir məqam isə  məktəbəqədər hazırlıq qrupları ilə bağlıdır. Hazırlıq qrupunda  dərs demək üçün məktəbin iki laborantının hərəsindən 5000 manat pul alaraq həmin qrupları onlara verib. Həmin işçilər qanunsuz olaraq hazırlıq qruplarında dərs aparırlar.Əmək haqqı isə məktəbin Aybəniz və Sona adlı müəllimələrinin adına yazılır və həmin pullar direktora çatır”-deyə şikayətçilər bildiriblər.

O da qeyd edilib ki, xanım direktorun məktəbdə özbaşınalıq etməsinə səbəb Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə yaxın olmasıdır.

Modern.az saytı müraciətdə qeyd edilənləri dəqiqləşdirmək üçün məktəbin direktoru Arzu Əliyeva ilə əlaqə saxlayıb. Xanım direktor açıqlamasında yazılanların həqiqət olmadığını söyləyib.

“3 aydır ki, 10 saylı orta məktəbə Təhsil Nazirliyinin sərəncamı ilə direktor təyin edilmişəm. İşə başlayandan heç kəsi işdən çıxarmamışam. Sadəcə, dediyiniz məsələlərlə bağlı demək istəyirəm ki, yazılanların heç biri doğru deyil. Gəlib yerində hər bir məsələ ilə tanış ola bilərsiz”.

Arzu Əliyeva, bir qrup müəllimin adından anonim yazılan müraciətin əsl səbəbini deyib.

“Bir neçə gün bundan qabaq bir xanım özünü jurnalist kimi təqdim edib məndən kömək istədiyini dedi. Mən də onu qəbul etmədim. Dərhal Gəncə Təhsil Şöbəsinə gedərək məndən yazacağını deyib. Hər gün 2-3 nəfər özünü jurnalist kimi təqdim edib məktəbdən pul istəyirlər. Deyirəm ki, mən heç kəsdən pul almıram. Sizə niyə pul verməliyəm?! Biz nə pul alırıq, nə də pul veririk. Müraciətdə Vahid adlı şəxsin adını çəkdiniz. Vahid müəllim, hal-hazırda məktəbdə texniki işçi kimi çalışır. Yaşlı insandır. Özü gəlib dedi ki,” mən işləyə bilmirəm. Çıxmaq istəyirəm”. Amma mən onu işdən çıxarmadım. Digər şəxslər barədə yazılanlar da yalandır. Aybəniz və Sona xanım məktəbdə müəllim işləyirlər. Onlar neçə illərdir ki, bu məktəbdə pedaqoji fəaliyyətlə məşğuldurlar. Heç kəsdən pul almamışam”.

Məktəbin direktoru icra başçısı ilə adının hallanmasına da münasibət bildirib.

“Elmar Vəliyevi məktəbə direktor təyin edilən zaman tanımışam. Onunla heç bir yaxınlığım yoxdur. Məktəbdə heç kəslə problemim yoxdur. Gəlib yerində hər bir işlə tanış ola bilərsiniz. Valideynlərdən də soruşa bilərsiniz”.

 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi