“2016-cı il dekabr ayında Türkmənistandan Qara dənizə qədər, karbamit yükünün Azərbaycan üzərindən, tranzit olaraq nəql edilməsi prosesi həyata keçirilib. Sınaq məqsədi daşıyan həmin nəql prosesi zamanı, yük, gəmilərlə Bakı terminalına daşınıb, orada isə vaqonlara yüklənərək Gürcüstan istiqamətində yola salınıb. Hava şəraiti ilə əlaqədar Xəzər dənizində bərə daşımalarında bəzi gecikmələr yarandığı üçün, bu yüklər tıxac əmələ gələn Ələt yox, məhz Bakı terminalına yönəldilib”.
Bu haqda Modern.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib. Deyib ki, sınaq nəql prosesi uğurlu olduğundan, 2017-ci il ərzində 300 min ton həmin yükün bu marşurut üzrə daşınması planlaşdırılır.
Qurum rəsmisiq eyd edib ki, yüklərin limandan sonra dəmir yolu ilə nəql edilməsi üçün, Bakı limanı istiqamətində olan dəmir yollarının balans saxlayıcısı Bakı Beynəlxalq Dəniz limanı ilə birlikdə, DYP-nin Siqnal idarəsi cəlb olunmaqla, Neftçilər prospektini kəsən dəmir yolu üzərində təhlükəsizlik tədbirləri gücləndirilməkdədir.
“Eyni zamanda bərə terminalının Ələt qəsəbəsində inşa edilmiş yeni dəniz limanına köçürülməsi ilə əlaqədar olaraq, Neftçilər prospektini kəsən və istifadə olunmayan digər dəmir yolu, prospekt boyunca avtomobillərin təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədi ilə 2017-ci il yanvarın 4-də sökülərək, “Azəravtoyol” ASC tərəfindən asfalt örtüklə əvəz edilib. 2017-ci il yanvarın 7-də isə Əhmədli stansiyası istiqamətində Neftçilər prospektini kəsən və istifadə olunmayan digər dəmir yolu sökülərək asfalt örtüklə əvəzlənəcək”.
Gülşən RAUFQIZI