Modern.az

Türkçülüyün kiçik Turanı: Azərbaycan Cümhuriyyəti! - I Yazı

Türkçülüyün kiçik Turanı: Azərbaycan Cümhuriyyəti! - I Yazı

6 Yanvar 2017, 14:30

Dos., Dr. Faiq Qəzənfəroğlu

 

XX əsrin əvvəllərində əski Türk-Oğuz-Turan ölkəsi olan Azərbaycanın şimal ərazisində, yəni onun bir əsrə yaxın çar Rusiyasının işğalı altında olan hissəsində Türk dövlətinin yaranması təbii proses olsa da,  ancaq həmin Türk dövlətinə “Azərbaycan” adının verilməsi çox şeyləri, o cümlədən bu bölgə əhalisinin tarixi, siyasi, iqtisadi, sosial-mədəni sistemlərində ciddi dəyişikliklərlə yadda qalmışdır. Başqa sözlə, “Azərbaycan” adının dünyanın siyasi sisteminə daxil olması istər-istəməz Rusiya, Qacarlar, Osmanlı, Böyük Britaniya və başqa dövlətləri və onların ideoloqlarını hərəkətə keçirmişdi. Özəlliklə, “Azərbaycan Cümhuriyyəti” adının “tarixi-coğrafi Azərbaycan” ölkəsinin, vətəninin bir hissəsində yeni yaranmış Türk dövlətinin adı kimi bəyan edilməsi Rusiya, Qacarlar və Osmanlını daha çox maraqlandırmışdır ki, ötən 100 il ərzində də “Azərbaycan milli ideyası” ətrafında disskusiyalar öz aktuallığını qoruyub saxlamaqdadır.

Bizcə, 1918-ci ildə qurulan dövlətə “Azərbaycan” deyil, başqa bir ad məsələn, Oğuz Cümhuriyyəti ya da Türkistan ismi verilsəydi, bu ərazidə yaşayan Türk xalqının SSRİ və SSRİ-dən sonrakı dönəmdə həyatı müsbət və mənfi anlamda xeyli dərəcədə fərqli olacaqdı. Ancaq yeni Türk dövlətinə “Oğuz Cümhuriyyəti” adı veriləcəyi halda, bu adı daşıyan ulusun tarixi taleyinin hansı istiqamətdə inkişaf edə biləcəyi haqqında fikir yürütmək çox çətindir. Amma bir şeyi dəqiq bilirik ki, yeni Türk dövlətinin ismi məsələsinin müzakirəsində “Azərbaycan”la yanaşı Oğuz ya da Türkistan adı üzərində dayanılması da təsadüfi olmamışdır. Çünki bu bölgənin aborigen yaşayanları olan Türklər öz ölkələrini milli kimliklərinə uyğun olaraq Türkistan, Xəzran-Azərbaycan, Oğuz, Turan kimi tarixə daha çox damğasını vuraraq Oğuzluğunu, Turanlığını, Xəzərliyini, Türklüyünü də XX əsrin əvvəllərinədək qoruyub saxlamışdır. Məhz bu vahidliyin, eyniliyin nəticəsi olaraq da yeni Türk dövlətinin ismi kimi əsasən “Oğuz”, “Türkistan” və “Azərbaycan” adları ön plana çıxmışdır. Bu anlayışlardakı vahidlik, eynilik də hərfi məna üzərindən deyil, tarixi gerçəklik və milli mənsubiyyət əsasında ifadə edilmişdir.

Bu adlardan hər birinin Türklüyü ifadə etdiyini yaxşı anlayan milli aydınlarımızın sonunda ən optimal variant olaraq “Azərbaycan” üzərində dayanmaları isə diqqətçəkicidir. Yeni yaranmış Türk dövlətinə konkret etnik kimliyi ifadə edən, bu anlamda heç kəsdə şübhə yeri qoymayan Oğuz, Türkistan deyil, artıq Türk ulusu mahiyyətindən kifayət dərəcədə uzaqlaşdırılaraq daha çox İrançı-Ariyançı coğrafiya ya da ölkə anlamında yayğın “Azərbaycan” adı üzərində dayanılması Türk aydınlar, o cümlədən Türk xalqı arasında istər-istəməz mübahisələrə yol açımışdır. Başqa sözlə, daha çox hərfi mənada, özü də fars dilində “odlar yurdu” ya da ona yaxın anlamda izah olunan “Azərbaycan” adının yeni Türk dövlətinə verilməsi birmənalı qarşılanmamışdır. Həmin dövrdə Türk aydını Əmin Abid yazırdı ki, 1918-ci ildə Cənubi Qafqaz Seymində təmsil olu­nan türk­lə­rin gürcülər və ermənilərdən fərqli olaraq ölkə­lərinə ver­dik­ləri «Azərbaycan» adı millətin adına uyğun olmamışdır: «An­caq bizdən daha irəli görüşlü olan qonşu­larımız hadi­sə­yə millət açısından yaxınlaşaraq doğru bir tanımlamayla öz ölkələrinə Gürcüstan və Ermənistan adını verdikləri halda, türk üzvlər hökümətimizin adıyla ilgili fərqli bir görüş ortaya qoydular. Seymdəki türklər hökü­mə­timizə Azər­bay­can adını vermişlərdir».

Şübhəsiz, həmin dövrdə Türk aydınlarından xeyli bir hissəsinin “Azərbaycan Cümhuriyyəti” adına olan etirazlarının kökündə də məhz “Azərbaycan” anlayışının Türklükdən xeyli dərəcədə uzaqlaşdırılmasıyla bağlı idi. Özəlliklə, “Azərbaycan” anlayışının tarixi-coğrafi və etnik anlamda iranlılaşdırılması ya da ariyanlaşdırılması (hind-avropa nəzəriyyəsincə) fonunda, Türk milliyyətçilərinə görə belə bir ismin Türk dövlətinə verilməsi məntiqəuyğun ola bilməzdi. Ancaq Türk düşməni ideoloqların “Azərbaycan” anlayışını türklükdən, oğuzluqdan, turanlılıqdan uzaq tutulub iranlılaşdırılması, ruslaşdırılması, avropalaşdırılması prosesini zamanında çox yaxşı dərk edən milli ideoloqumuz Məhəmməd Əmin Rəsulzadənin Turanın mərkəzi olan Azərbaycanın bir hissəsində yaradılmış Türk dövlətinə “Azərbaycan Cümhuriyyəti” adının verilməsində əsas məqsədi quzeyli-güneyli Azərbaycanı, Azərbaycan türklərini Türklüyə, Oğuzluğa və Turanlığa yenidən qaytarmaq idi. Bizcə, bu anlamda yeni yaranmış Türk dövlətinə “Oğuz” ya da “Türkistan” deyil, məhz “Azərbaycan” adının verilməsi Türk kimliyinin ifadəsi baxımından uğurlu görünməsə də, ancaq burada əsas məsələ daha geniş çaplı milli hədəfin ortaya atılması idi. Belə ki, əgər yeni Türk dövlətinə “Oğuz Cümhuriyyəti” ismi verildiyi halda, 1828-ci ildə fiziki cəhətdən bölünmüş Azərbaycan türkləri mənəvi-ruhi cəhətdən də parçalanmış olacaqdırlar. Bununla da Oğuz türkləriylə Azərbaycan türkləri arasındakı bağ, indiki Türkiyə ya da Türkmənistan türkləriylə olan bağdan uzağa getməyəcəkdi. O zaman Oğuz türkləri də məcburən Qacarlar dövlətindəki Azərbaycan türklərinin dövlətçilik ənənələrindən tutmuş fəlsəfi, mədəni, ədəbi irsinə qədər hər bir şeydən uzaq durmaq məcburiyyətində qalacaqdırlar.

Ona görə də “Azərbaycan” milli ideyasının müəllifi olan M.Ə.Rə­­­­sul­zadə Türk dövlətinə belə bir adın veril­məsini üç faktorla izah etmişdir: 1) “Qafqaz Azərbaycanı” və “İran Azərbaycanı”nda məs­kun­laşmış türklər tarixən milli kimlik anlamında “Azər­bay­can”la bağlı olmuş, bu anlamda milli kimliyi “Azərbaycan türkü”, milli dili “Türk dili” ya da Türk dilinin Azərbaycan şivəsi adlandırılmışdır; 2) Quzeyli-güneyli Azərbaycan türkləri dil, din, etnik, mədəni və sosial baxımdan tarixən vahidlik təşkil etmişdir; 3) Qaf­qaz türk­lə­rinin yaşadıqları coğrafiya da tarixən “Azərbaycan” adını daşımışdır. 

Rəsulzadə bu məsələylə bağlı fikirlərini ilk dəfə qismən 1916-cı ilin martından “Açıq söz” qəzetində qələmə aldığı “Məktəb və mədrəsə” silsilə yazılarında, əsasən də həmin ilin oktyabrında yazdığı “Nə Qafqasiya, nə də İran” məqalələrində ifadə etmişdir. O, həmin məqalələrində yazırdı ki, Qafqaz türklərinin özlərini “qafqasiyalı”, “Qafqaz türkü” adlandırıb da Azərbaycanı iki hissəyə bölən Araz çayının o biri tayında yaşayan türklərə “iranlı” kimi yuxarıdan aşağı bir nəzərlə baxmaq ruhumuza sirayət ermiş bir xəstəlikdir.Qeyd edək ki, burada adıçəkilən məqalələrinə qədər Rəsulzadə özü də əsasən “Qafqaz türkləri”, “Qafqaz müsəlmanları”, “İran türkləri”, “İran Azərbaycanı” kəlimələrindən istifadə etmişdir. Yalnız 1916-cı ilin başlarından etibarən həmin anlayışlarla yanaşı “Azərbaycan türkləri”, “Azərbaycan müsəlmanları”, “Azərbaycan türkcəsi”kəlimlərindən də istifadə edən Rəsulzadə “Məktəb və mədrəsə” məqaləsində yazırdı ki, əqrabalıq, dil və ədəbiyyat baxımından “İran Azərbaycanı ilə Qafqasiya Azərbaycanı arasında fərq heç yoxdur”. “Nə Qafqasiya, nə də İran” məqaləsində isə o, açıq şəkildə Şimali Azərbaycanda ya da Qafqazda yaşayan türklərin özlərini Cənubi Azərbaycan türklərindən ayrı müstəqil bir etnoqrafik vücud kimi görüb “Qafqaz türkü” adlandırmasını yanlışlıq hesab etmişdir. Türk şöbələri arasında “Qafqaz türkü” ismiylə tanınan etnoqrafik şöbə yoxdur, deyən Rəsulzadə yazırdı: “Azərbaycan türkü, Azərbaycan şivəsi, Azərbaycan ədəbiyyatı var.  Ola da bilər. Fəqət Qafqasiya türkcəsi və Qafqasiya türkü olamaz. Bu gün nə “Xosrov Pərvizi”  yazan Mirzə Abdullah iranlı, nə də Kazımoğlu qafqasiyaladır. Onların ikisi də azərbaycanlılardır. Birincisinin əsəri, ikincisinin də mütaliəsi nə iranca yazılmış, nə də qafqazca. İkisi də türkcə yazılmışılar. Biz, özümüzü qafqasiyalı sananlar bu həqiqəti bir kərə bilməli və anlamalıyız ki, yurdumuzda mühacir və mehman sifətilə yaşayan “İran”lılar, az bir istisna ilə İran Azərbaycanından gəlmiş iranlılardır. Onların dili də, məişəti də, adət və əxlaqları da bizimkinin eynidir.  Başqa dürlü olamaz da.  Çünki hamımız bir kütləninn (Azərbaycan Türkünün) parçası, bir məcmuin hissəsiyiz, xəlq təbrincə, “hamımız bir bezin qırağıyız”, Araz çayının qismən bu, qismən də o tərəfində bulunan türklər, bir kərə bilməlidir ki, nə iranlı, nə də qafqasiyalı bəlkə: azərbaycanlılardır”.

Gördüyümüz kimi, Rəsulzadə “Azərbaycan” ideyasını hər şeydən öncə Qafqaz türkləri ilə “İran” türklərini birləşdirən, onların biri-birindən ayrı deyil vahid ulus olması anlamında gündəmə gətirmişdir. Başqa sözlə, Rəsulzadənin irəli sürdüyü “Azərbaycan” ideyasının əsasını Dərbəndən Kəngər korfəzinə, Bakıdan İrəvanadək eyni adət-ənənənyə, əxlaqa, məişətə, dilə, ədəbiyyata sahib olan türklərin vahidliyi, bütünlüyü təşkil etmişdir. Bu mənada Rəsulzadə yazılarında artıq “Azərbaycan türkləri”,  “Azərbaycan muxtariyyəti”anlayışlarına geniş yer verir, türk xalqları arasında Azərbaycan türklərinin öz dili, öz ədəbiyyatı, öz adəti olmasını müdafiə edirdi. 1917-ci ilin mayında Moskvada keçirilən Birinci Rusiya müsəlmanları qurultayında digər türk millətləriylə yanaşı “Azərbaycan muxtariyəti” ideyasını da irəli sürən Rəsulzadə artıq həmin ilin sonunda “Azərbaycan muxtariyyəti haman bir əmri-vaqe halını almaldır”- deyə, fikrini açıq şəkildə ifadə etmişidr. Bizcə, “Azərbaycan muxtariyyəti” ideyasını ortaya atan Rəsulzadə, bununla da yeni bir Türk dövlətinin adının bəlirlənməsi yolunda ciddi zəmin hazırlamış, eyni zananda  “Qafqaz” türkləriylə “İran” türklərinin ortaq adı ya da türklük adını da dəqiqləşdirmişdir: Azərbaycan türklüyü!!!

“Azərbaycan türklüyü” ya da Azərbaycan milli ideyası ortaya atıldığı zaman İslam birliyindən çıxış edən milli ittihadçılarla Rusiya birliyinə inanan milli sosial-demokratlar (bolşeviklər, menşeviklər, sosialistlər) birmənalı şəkildə buna qarşı çıxırdılar. Belə ki, “Azərbaycan muxtariyyəti” ideyasını ittihadçılar İslam birliyinin parçalanması, milli sosialistlər isə Rusiya demokratiyasından ayrı düşmək kimi yozurdular. Azərbaycan milli ideyasının əleyhdarları olan milli ittihadçılarla milli sosial-demokratlar (bolşeviklər, menşeviklər, sosialistlər) bu fikirlərini Azərbaycan Cümhuriyyəti yaranana qədər davam etdirdilər. Yalnız 1918-ci ilin 28 mayında Azərbaycan Cümhuriyyəti adlı yeni Türk dövlətinin bəyanından sonra yavaş-yaşaş milli ittihadçılarla milli-sosial demokratlar da “Azərbaycan” milli ideyaına sahiblənməyə başladılar. M.Ə.Rəsulzadə 1918-ci ilin 10 dekabrında parlamentin 2-ci iclasındakı çıxışında “Azərbaycan” kəliməsinin ideyadan reallığa gedən yolda keçdiyi yolu göstərmək üçün deyirdi: «Bizim yaxın məqsədlərmizdən biri olan Azərbaycan muxtariy­yətini tələb edərkən həm sağdan, həm də soldan hücumlara düçar olurduq. Sağdaklar bir nöqtədən Azərbaycan muxtariyyətini inkar edirdilər. Sağdan deyirdilər ki, Azərbaycan-Azərbaycan deyə müsəlmanları parçalayır, türklük bayrağı qalxızarkən – nəuzu billah (Allah eyləməsin – F.Ə.)- İslama xətər vurursu­nuz. Soldan da iddia edirdilər ki, Azərbaycan davası bizi inqilabçı, hürriyyət­pərvər Rusiya demokratiyasından ayırır, xan, bəy hökuməti düzəltməyə səbəb olur… Daima Azərbaycan məfkurəsinin müdafiəçisi olan firqəmiz üçün bu gün o böyük məqsəd hasil olmuşdur. Çünki artıq gərək sağlar, gərəksə sollar Azərbay­canı inkar deyil, var qənaətlərilə isbat edirlər. Çünki artıq Azərbaycan fikri üzərində müsəlman firqələri arasında ixtilafi-nəzər yoxdur. Çünki cəmiy­yətimizin zehnində Azərbaycan istiqlalı fikri yer tutmuş, yerləşmişdir. Çünki üçrəngli o məğrur bayraq artıq siyasətən hamımızı birləşdirmişdir».

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?