Modern.az

Zakir Qaralov əməliyyat müşavirəsi keçirdi

Zakir Qaralov əməliyyat müşavirəsi keçirdi

Aktual

6 Yanvar 2017, 17:20

Yanvarın 6-da Baş Prokurorluqda 2016-cı ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.


Modern.az xəbər verir ki, müşavirədə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2016-cı ildə digər hüquq mühafizə orqanları ilə, ilk növbədə Daxili İşlər Nazirliyi və Dövlət  Təhlükəsizliyi Xidməti ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub.

Hesabat ilində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması və onları törətmiş şəxslərin müəyyən olunub məsuliyyətə cəlb edilmələri üçün zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb.Daxili İşlər Nazirliyi və Dövlət  Təhlükəsizliyi Xidmətinin əməliyyat qurumları ilə həyata keçirilən birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində qeydə alınmış 178 qəsdən adam öldürmə cinayətlərindən 172 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş 64 cinayətin isti izlərlə açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 96,6 % (2015-ci ildə 95,5 %) təşkil edib.


Göstərilən müddətdə qeydə alınmış qəsdən adam öldürmə cinayətlərinin sayı 2015-ci illə müqayisədə 25 hadisə və açılmamış bu xarakterli cinayətlərin sayı 3 hadisə azalıb.


Hesabat dövründə qanunsuz fəaliyyət göstərən radikal dini ekstremist qüvvələrin, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin qanunsuz əməlləri və digər cinayət işlərinin istintaqı tamamlanaraq aidiyyəti üzrə məhkəmələrə göndərilib.


Cinayətkarlığa qarşı mübarizə sahəsində müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı həyata keçirilən mübarizə tədbirləri də diqqət mərkəzində saxlanılıb, bu qəbildən olan cinayət işlərinin istintaqı zamanı bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitin aşkarlanaraq müvafiq qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.


Respublikanın digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsində hesabat dövründə cinayətkarlığa qarşı mübarizənin gücləndirildiyi, kriminogen durumun daha da stabilləşməsi ilə nəticələnən göstəricilərə nail olunduğu, dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq ədalətli və şəffaf prosedurlar əsasında gənc kadrların prokurorluqda qulluğa qəbulu istiqamətində tədbirlərin davam etdirilməsi, sonuncu müsabiqənin nəticələri də nəzərə alınmaqla qulluğa qəbul edilmiş gənc hüquqşünasların hazırda respublika prokurorluq orqanlarının kadr korpusunun 62 faizini təşkil etməsi, eləcə də prokurorluq orqanlarında yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində zəruri tədbirlərin görüldüyü barədə geniş məlumat verilib.

Baş prokurorun birinci müavini Rüstəm Usubov hesabat ilində cinayətkarlığa qarşı mübarizə, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov Baş Prokurorluğun 2016-cı ilin ikinci yarımilinə dair iş planının icra vəziyyəti və cari ilin birinci yarımili üçün iş planı barədə,  Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov hesabat ilində prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr barədə  ətraflı məlumat veriblər.


Baş Prokurorluğun əlaqədar struktur qurumlarına baş vermə müddətindən asılı olmayaraq əvvəlki illərdə törədilməklə bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılması üçün zəruri tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə olunmaqla təqsirkar şəxslərin müəyyən olunmasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

 

Əməliyyat müşavirəsinə  yekun vuran Baş prokuror ümidvar olduğunu bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi 2017-ci ildə də öz səlahiyyət hədləri daxilində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlərin reallaşdırılmasında, digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkardlığa qarşı mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və insan hüquq və azadlıqlarının qorunmasında zəruri tədbilərin görülməsini təmin edəcək. 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?