Modern.az

Restoranlarda yas mərasimi  - bahalı ehsanlar, dolan qarınlar...

Restoranlarda yas mərasimi  - bahalı ehsanlar, dolan qarınlar...

6 Yanvar 2017, 16:43

Rəsmilərin hiss edib yaşamadığı, dilə gətirməyi özlərinə ar bildiyi iqtisadi çətinliklərlə dolu 2016-cı ili geridə qoyduq. Ümid edək ki, çox sayda insanımızın xatirəsinə boz-qara lentlə həkk olunan ildən bir də olmayacaq. Necə olsa da, ümid sonda ölür. Sonumuz isə hələ çatmayıb. Sonumuz çatanda son mənzilə yola salınacağıq çünki. Son mənzildən söz düşmüşkən, bundan sonra Bakıda təkcə “Mərasim evləri”ndə deyil, həm də restoranlarda da açılan bahalı ehsan süfrələrində ruhumuza dualar oxunacaq. Yasa gələn qadınlar süfrədəkiləri müzakirə edib, səliqə-səhmanı, hüzür sahibinin geyimindən tutmuş oturuşuna-duruşuna qədər hamısını “qılınc”dan keçirəcəklər. Biz qılınc müsəlmanıq axı...

İllər keçəcək, qərinələr ötəcək Azərbaycanda israfçı yas mərasimləri aradan qalxmayacaq. Qalxmayacaq ona görə ki, bu mərasimlərin keçirilməsində maraqlı qüvvələr var. Lap elə əlahəzrət şeyxülislam Allahşükür Paşazadə kimi. Adam illərdir dini biznesə çevirib, nəsil-nəcabətini dolandırır, yeddi arxa dönəninə miras yığır. Kərbəla, Həcc ziyarətindən qazandığı milyonlarla dollar azmış kimi, yas mərasimlərini də biznesin strukturuna çevirməkdədir.


Bakıda yas mərasimləri çadırlardan, “Mərasim evləri”ndən restoranlara doğru uzanmaqdadır. Gör iş nə yerə çatıb ki, restonarlarda da yas mərasimləri təşkil edilir. Stolun da qiyməti menyuya görə 12 manatdan 20 manatadək dəyişir. Elə az qala hər gün yas mərasimlərinin keçirildiyi “Mərasim evləri”ndəki kimi.

 

Stola görə qiymət danışırsan, adamını çağırırsan, restoran administrasiyası sizə VİP yas mərasimi təşkil edir. Mərasimlər o qədər təmtəraqlı təşkil edilir ki, bəzən mollaya Quran oxumağa da macal verilmir. Yasa gələn oturub bığlarını yağa bulaşdıra-bulaşdıra aşından yeyib, müxtəlif şirniyyatlarla da pürrəngi çayını içir. 

Olur ki, bəzən yasa gələnlər heç ölü yiyəsini görə bilmir. O vurhavurda restoranın bu başından vurub o başından çıxıb “Allah rəhmət eləsin” deyməyə də ərinir əksəriyyət. Onsuz da mərasimlər əvvəlki xarakterini itirib. İndi hüzür sahibinin düşündüyü qonaqların dolu stollardan razı getməsidirsə, başsağlığına gələnlər də adını siyahıya yazdırmaqla öhdəsinə düşəni etmiş sayılır. Onsuz yas sahibinin dərdi başından aşır, siyahıya baxanda kimin yasa gəlib-gəlmədiyini biləcək.

Bilməlidir də! Axı biz hər şeyi “o edib, mən də edim”, “o gəlib, mən də gedim” prinsipilə icra edirik. Deməyim odur ki, yaslara gedin, bolluca aşdan, halvadan yeyin ki, verilən ehsan ovsanata keçsin. Bizə qalan 2 metr bez, soyuq qəbir (o da hamıya qismət olmur) olacaq, onlara da bir qarın yemək... O da qarınlarında qalmayacaq heç...

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?