Milli Məclisin yaz sessiyasının son plenar iclaslarında Bakıda parkomantlarda qiymətlərin yüksək olması ilə bağlı məsələ qaldırıldı və müzakirələrə səbəb oldu. Qeyd olundu ki, yeraltı parkomantlarda qiymətlərin baha olması həmin parkomantlardan istifadə edən sürücülərin azlığına səbəb olur. Modern.az-ın məlumatına görə, məsələ ilə bağlı Trend-ə açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, parkomantlarda qiymətlərin müəyyən edilməsi yol polisinin səlahiyyətində deyil, amma parkomantlarda qiymətlər aşağı olsa, bu, qanunsuz yerdə avtomobil saxlayan sürücülərin də sayının azalmasına səbəb olar: “Ən azı yol polisinin dayanma-durma ilə bağlı keçirdiyi tədbirlər ilə müsbət nəticələr əldə etmək mümkündür”.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da parkomantlarda qiymətlərin yüksək olması qənaətindədir. Ə.Hüseynov Trend-ə bildirib ki, bu gün Bakıda istər yeraltı, istərsə də yerüstü parkomantlarda qiymətlər müvafiq səviyyədə deyil: “Hər parkomantda müxtəlif qiymət mövcuddur. Parkomantlarda konkret tarif olmalıdır və hesab edirəm ki, bu tarif də Tarif Şurası tərəfindən müəyyən edilməlidir. O cümlədən güzəştli şərtlər və onların kimə şamil edilməsi müəyyən edilməlidir. Bundan əlavə dünya təcrübəsinə əsaslanaraq, öncədən ödəniş etməklə parkomantlardan istifadə qaydaları da müəyyən edilməlidir. Məsələn kimsə bir ilin ödənişini əvvəlcədən edirsə, bunun üçün həm parkomant, həm də avtomobil sahibi üçün əlverişli tarif müəyyən edilə bilər”.
Modern.az