2016-cı ildə hökm sürən valyuta qıtlığı istər turizm üçün, istərsə də digər biznes sahələri üçün ağır zərbə oldu. Modern.az xəbər verir ki, bu haqda şərh verən iqtisadçı Rövşən Ağayev valyuta qıtlığının manata təzyiqi artırdığını, milli valyutaya etimadı sarsıtdığını vurğulayıb:
“Bu baxımdan qısamüddətli dövrdə Mərkəzi Bankın Neft Fondundan 4 mlrd. dollardan çox dəstək alması hazırda çıxılmazlıqdan doğan mümkün variantlardan biridir. Belə görünür ki, hökumət manatın indiki səviyyədən daha artıq ucuzlaşmasını istər siyasi, istərsə də sosial və iqtisadi baxımdan təhlükə olduğu qənaətindədir.
Ən azından 2017-ci il manat üçün bir zəmin var - fövqəladə daxili və xarici siyasi, həmçinin iqtisadi amillərin nəzərə alınması”.
R.Ağayev bildirib ki, ölkənin strateji valyuta ehtiyatlarının sürətlə itirilməsi baxımdan fəsadları olacaq:
“Üstəlik hazırkı addım o zaman iqtisadiyyat üçün faydalı olacaq ki, hökumət köklü bazar islahatları, idarəetmədə köklü dəyişikliklər etməyə hazırlığını nümayiş etdirəcək. Əks halda, biz 2017-ni zaman olaraq qazanacağıq. Amma qarşıdakı illərdə bizim üçün daha böyük itkilər və sarsıntılar ola bilər. Bir halda ki, makroiqtisadi sabitlik üçün böyük həcmdə ehtiyatların qurban verilməsi qərara alınıb, yaranmış stiuasiyadan islahatlar üçün maksimum yararlanmaq lazımdır.
Bu qərardan sonra məzənnənin necə olacağı ilə bağlı hansı qənaətə gəlmək olar?
Yuxarıda da qeyd etdiyim kimi, manatın bundan sonrakı ucuzlaşması təhdidlər yaradır. Bundan artıq bahalaşma isə fiskal baxımından hökumətin maraqlarına cavab vermir. Buna görə də, Mərkəzi Bank vasitəsilə valyuta dəstəyi mexanizmi hazırda formalaşan məzənnə ətrafında sabitləşməni hədəfə alıb”.
Gülşən RAUFQIZI