Modern.az

AŞPA-nın həmməruzəçiləri Baş Prokurorluqda görüş keçirib

AŞPA-nın həmməruzəçiləri Baş Prokurorluqda görüş keçirib

13 Yanvar 2017, 18:47

Yanvarın 13-də Azərbaycan Respublikası Baş prokurorunun müavini Namiq Əsgərov ölkəmizdə səfərdə olan Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Ştefan Şennak və Sezar Florin Predanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

 

 

AŞPA ilə müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə sıx əməkdaşlıq etdiyini bildirən Baş prokurorun müaviniAzərbaycanın Avropa Şurasına üzv qəbul olunduqdan sonra ölkəmizdə həyata keçirilən hüquqi islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülən genişmiqyaslı işlər barədə ətraflı məlumat vermişdir.

 

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı mütərəqqi qanunvericilik aktları, həyata keçirilən islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün yaradılmış normativ-hüquqi baza, prokurorluq orqanlarının strukturunun daha da təkmilləşdirilməsi istiqamətində aparılan köklü islahatlar, o cümlədən şəffaf prosedurlar əsasında test yolu ilə qulluğa qəbul edilmiş gənc hüquqşünasların prokurorluğun kadr korpusunun yarıdan çoxunu təşkil etməsi müsbət hal kimi dəyərləndirilmişdir.

 

 

AŞPA ilə Azərbaycan Respublikası arasında əməkdaşlıqdan və bu əlaqələrin daha da inkişaf etdirilməsindən məmnunluğunu ifadə edən qonaqlar ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində atılan addımları, məhkəmə-hüquq sistemində həyata keçirilən islahatları, xüsusilə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işləri yüksək qiymətləndirmişlər.

 

Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunmuş, tərəfləri maraqlandıran suallar və digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

Tədbirdə Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç iştirak etmişdir.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!