Modern.az

“Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına böyük töhfələr verir”

“Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına böyük töhfələr verir”

13 Yanvar 2017, 22:57

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar bu gün Nazirlər Kabinetində müşavirə keçirilib. Modern.az saytı Azərtac-a istinadən xəbər verir ki, müşavirədə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr barədə geniş fikir mübadiləsi aparılıb. Baş nazirin müavini Əli Əhmədov bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyəti və aktuallığı ilə bağlı məlumat verib.  

Əli Əhmədov bildirib ki, dövlət başçısı 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməklə bu məsələyə həm özünün şəxsi, həm də Azərbaycan dövlətinin mövqeyini ifadə etdi. Bu, eyni zamanda, Prezident İlham Əliyevin İslam dünyasının həmrəyliyinə böyük önəm verdiyini göstərir. İndiyədək müsəlman ölkələrini din ətrafında birləşməyə çağıran müəyyən təşəbbüslər göstərilib. Dövlətimizin başçısı isə tarixdə ilk dəfə olaraq İslam dünyasına siyasi mesaj ünvanladı, vahid mövqedən çıxış etməyin, birliyə nail olmağın, eyni zamanda, dünyaya inteqrasiyanın vacibliyinə işarə etdi.

Azərbaycanın uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu qeyd edən Baş nazirin müavini dövlətimizin İslamın dəyərlərinə və irsinə həssas münasibətindən və qayğısından söhbət açıb. O, Azərbaycanın İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurduğunu, qlobal əhəmiyyətli bir sıra mühüm forumların təşkilatçısı kimi çıxış etdiyini bildirib.

Əli Əhmədov bildirib ki, Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verir. İslam ölkələrində baş verən hadisələr, onların qarşısında duran çağırışlar bu ölkələrin həmrəyliyini aktual məsələyə çevirir, bu həmrəyliyin istənilən səviyyədə olmaması bizi nəinki düşündürür, həm də çox narahat edir.

Baş nazirin müavini qeyd edib ki, İslam cəmiyyətlərinin gələcəyi, transformasiya problemi ilə əlaqədar modellər üzərində iş aparılarkən Azərbaycan xüsusilə diqqət mərkəzində olacaq. İslam cəmiyyətlərinin gələcəyi necə olmalıdır, İslam müasir dünyaya necə uğurla transformasiya edilməlidir, onun qəbul etdiyi bir parçaya necə çevrilməlidir kimi suallara cavab axtararkən Azərbaycan modelini əminliklə nümunə göstərmək mümkündür.

Ölkəmizin İslam həmrəyliyinə verə biləcəyi töhfələrin əhəmiyyətini qeyd edən Baş nazirin müavini bildirib ki, Azərbaycanın inkişaf perspektivləri, dünyadakı yeri, yüksək imici respublikamızın bu istiqamətdə mövqeyini daha da möhkəmləndirir. Azərbaycan İslam dünyasında bu və ya digər problemlərin həllində özünəməxsus rola və nüfuza malikdir. İslam dünyasının əsas mədəni, dini mərkəzlərindən biri olan Azərbaycan tarixən İslam mədəniyyətinə və elminə böyük töhfələr verib.

İslam həmrəyliyinin güclü faktora çevrilməsinin vacibliyini qeyd edən Əli Əhmədov vurğulayıb ki, bu, bir tərəfdən İslam ölkələrinin üzləşdiyi problemlərin həlli, digər tərəfdən həmin problemlərin dərinləşməsinin qarşısının alınması baxımından xüsusi önəmə malikdir.

Müşavirədə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova “İslam Həmrəyliyi İli” çərçivəsində görüləcək işlər barədə danışaraq elmi konfransların, “dəyirmi masa”ların, simpoziumların, seminarların, müsabiqələrin keçirilməsinin, elmi məqalələrin, topluların, kitabların, bukletlərin nəşr edilməsinin, poçt markalarının buraxılmasının, müsəlman ölkələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində həm ölkə daxilində, həm də müsəlman ölkələrində müxtəlif tədbirlərin keçirilməsinin planlaşdırıldığını bildiriblər.       

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, gənclər və idman nazirinin müavini İntiqam Babayev İslam həmrəyliyinin, islami dəyərlərin, İslam mədəni irsinin dünyada təbliği, mədəniyyət nümayəndələrinin, vətəndaş cəmiyyəti təmsilçilərinin, müsəlman ölkələri gənclərinin qarşılıqlı səfərlərinin təşkili, müvafiq sərgilərin, festivalların keçirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər. 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanov, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov “İslam Həmrəyliyi İli” ilə əlaqədar keçirilməsi nəzərdə tutulan bütün tədbirlərin yüksək səviyyədə işıqlandırılacağını bildiriblər.

Baş nazirin müavini Əli Əhmədov müşavirəyə yekun vuraraq Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasının zamanın çağırışlarına cavab verən mühüm addım olduğunu qeyd edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!