Bu ilin may-iyun aylarında Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Magistr-2017” müsabiqəsi keçiriləcək.
Akademiyadan Modern.az-a verilən məlumata görə, AMEA prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən keçirilən müsabiqənin əsas məqsədi AMEA-da magistratura təhsilini daha da təkmilləşdirmək, magistrlərin elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirməkdir.
Müsabiqədə AMEA-nın magistraturasında təhsil alan 1-ci və 2-ci kurs tələbələri iştirak edə bilərlər. Yekunda hər kurs üzrə ən yüksək nəticələr göstərmiş üç magistrant mükafatlandırılacaq. Qaliblərin mükafatlandırılması onların hər birinə müvafiq diplom verilməklə aşağıdakı qaydada aparılacaq:
I yer - 1500 manat;
II yer - 1000 manat;
III yer - 500 manat.
Qeyd edək ki, sənəd qəbulu müsabiqənin başlaması və şərtləri haqqında elan dərc edildikdən sonra həyata keçiriləcək.
Modern.az