“Regionların davamlı inkişafında və əhalinin məşğulluğunda olduqca əhəmiyyətli rol oynayan sahibkarlığın inkişafı üzrə tədbirlər davam etdirilir. Yoxlamaların dayandırılması ilə bağlı qanunun qəbulundan sonra ötən il vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq sahəsində cəmi 60 yoxlama keçirilib. Müqayisə üçün 2015-ci ildə bu yoxlamaların sayı 62 minə yaxın olub. Sahibkarların maarifləndirilməsi məqsədilə ötən il regionlarda 3400 sahibkarın iştirakı ilə 33 işgüzar forum keçirilib. Hesabat ilində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2500 sahibkara 190 milyon manatadək güzəştli kredit verilib və nəticədə 8100-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Kreditlərin 74 faizi regionların payına düşür. Bu il sahibkarlıq subyektlərinə qaytarılmış vəsaitlər hesabına 150 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur". Modern.az saytı xəbər verir ki, bunu Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Nazir qeyd edib ki, ixracın təşviqi üzrə qəbul etdiyiniz qərarlara uyğun olaraq, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, ixrac missiyalarının təşkilinə və digər tədbirlərin icrasına başlanılıb: "Keçirilmiş üç ixrac missiyası zamanı imzalanmış müqavilələrə əsasən, yeni bazarlar olan Çinə şərab, Birləşmiş Ərəb Əmirliklərinə ərzaq məhsullarının ixracına başlanılıb. Ötən ilin noyabrından etibarən şərab, pambıq ipliyindən məmulatlar, konservlər, su və şirələr, fındıq və digər məhsulların Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və sair ölkələrə ixracı ilə əlaqədar ixrac təşviqinin ödənilməsinə dair qərarlar qəbul edilib. "İxracatçılar Klubu"nun 10 iclası keçirilib, Export.az ixrac portalı istifadəyə verilib, şərab, nar, fındıq, meyvə-tərəvəz, tikinti materialları, arıçılıq məhsulları istehsalçıları və ixracatçıları assosiasiyaları yaradılıb, mənşə sertifikatının verilməsi sadələşdirilərək müddəti üç gündən bir günə endirilib. Ümumilikdə, ötən il tərəvəz ixracı 41 faiz, meyvə ixracı 11 faiz, pambıq iplik ixracı isə 25 faiz artıb".
Onun sözlərinə görə, cari il xüsusilə kənd təsərrüfatı məhsullarının və şərabın ixracının artırılması üçün bir sıra ölkələrə ixrac missiyaları və beynəlxalq sərgilərdə iştirak təmin olunacaq. Prezidentin göstərişinə əsasən, bu il Belarus, Rusiya və Ukraynada ticarət evlərinin yaradılması, habelə xarici ölkələrdə ticarət nümayəndələrinin təyin edilməsi sözsüz ki, ixracın artırılmasına mühüm töhfə verəcək: "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan, eləcə də Nazirlər Kabinetinin 2016-cı ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında irəli sürdüyünüz vəzifələr, o cümlədən rəqabətqabiliyyətli müəssisələrin yaradılması, qeyri-neft ixracının və idxalı əvəz edən məhsul istehsalının artırılması, yerli və xarici investisiyaların cəlb edilməsi və digər tədbirlər regionların da davamlı inkişafına öz töhfəsini verəcək. Sizi əmin etmək istərdim ki, bu vəzifələrin tam yerinə yetirilməsi üçün bütün imkanlarımızı səfərbər edəcəyik".
Ş.Mustafayev qeyd edib ki, hesabat ilində regionlarda 850 kilometr avtomobil yolu, 27 körpü və yolötürücüləri tikilib və ya təmir olunub: "Tapşırığınıza uyğun olaraq, əhalisi 790 min nəfər olan 480 yaşayış məntəqəsini birləşdirən 120 kilometr kənd yolunun inşası işləri aparılıb. Ötən il bir elektrik stansiyası istifadəyə verilib, 7422 kilometr elektrik xətti çəkilib, 784 transformator və 46 yarımstansiya quraşdırılıb və ya təmir olunub. Həmçinin 8200 kilometr qaz xətti çəkilib və ya əsaslı təmir olunub, 36 rayon üzrə 209 yaşayış məntəqəsi təbii qazla təmin edilib, regionlar üzrə qazlaşdırma səviyyəsi 92 faizə çatıb. Həmçinin regionlarda 825 kilometr su, 541 kilometr kanalizasiya xətti çəkilib, 32 artezian quyusu qazılıb, 27 su anbarı inşa olunub. Əhalisi 120 min nəfərdən çox olan 5 şəhərdə su təchizatı layihəsi başa çatıb, 100 min nəfəri əhatə edən 56 yaşayış məntəqəsində modul tipli sutəmizləyicisi quraşdırılıb".
Nazir deyib ki, meliorasiya və irriqasiya tədbirləri çərçivəsində keçən il 87 min hektar torpağın su təminatı yaxşılaşdırılıb, 12 min hektardan çox torpaq sahəsi suvarma suyu ilə təmin edilib: "Bu il dövlət investisiya xərcləri və Dövlət Neft Fondunun vəsaitləri ilə icra olunacaq layihələr hesabına 154 min hektardan çox əraziyə suvarma suyu çatdırılacaq. Texniki iqtisadi əsaslandırılması hazırlanan Yuxarı Şirvan Kanalının yenidən qurulması layihəsi 10 min hektarlarla torpaq sahəsinin dövriyyəyə cəlb olunmasını mümkün edəcək. Ötən il Masallı və Qəbələdə “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması ilə regionlarda onların sayı 6-ya çatıb və bu il Quba və Mingəçevirdə yeni mərkəzlərin fəaliyyətə başlaması nəzərdə tutulur.
Gəlirlərin azalmasına baxmayaraq, hesabat ilində də bütün sosial layihələr tam həcmdə icra olunub. Regionlarda 59 məktəb, 53 bağça, 26 səhiyyə, 16 gənclər və idman, 73 mədəniyyət obyekti tikilib və ya əsaslı təmir olunub, 1625 qaçqın və məcburi köçkün ailəsinin yeni mənzillərə köçürülməsi təmin edilib. Bu il regionlarda qəzalı, istismara yararsız və şagird sayı az olan məktəblər üçün 100–dən çox modul tipli məktəb quraşdırılacaq, gələn il işlər davam etdirilərək, bu problem iki il ərzində tam həllini tapacaq. Həmçinin minimum əməkhaqqının artırılması və pensiyaların sığorta hissəsinin indeksasiyası, qaçqın və məcburi köçkünlərə aylıq müavinətin müəyyən edilməsi, elektrik enerjisi və qazın tariflərində diferensial yanaşmanın tətbiqi, dərman bazarının tənzimlənməsi və digər tədbirlər vətəndaşlara göstərdiyiniz qayğının ən bariz göstəriciləridir".
Şahin Mustafayevin sözlərinə görə, hesabat ilində 84 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində 1 milyard manatdan çox investisiya yatırılacaq, 6700-ə yaxın yeni iş yeri açılacaq: “Layihələrin 38 faizi kənd təsərrüfatı, 62 faizi isə sənaye sahələrində olmaqla, onların 40 faizi Bakıətrafı qəsəbələrin və Abşeron rayonunun, 60 faizi isə digər şəhər və rayonların payına düşür. Regionların inkişafında mühüm rolu olan qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında səmərəli təşviq mexanizmlərindən olan sənaye parklarının və zonalarının təşkili ötən il də davam etdirilib. Sumqayıt Kimya Sənaye Parkında “Azərtexnoline” zavodunda 750 nəfər işlə təmin edilib, ötən il istehsal edilmiş məhsulun 56 faizi ixrac olunub. Daha dörd müəssisə bu il, üç müəssisə isə gələn il fəaliyyətə başlayacaq, 800-ə yaxın yeni iş yeri açılacaq. Mingəçevir Sənaye Parkında yüngül sənaye, o cümlədən tekstil, ayaqqabı, tibbi kosmetika, iplik və digər növ məhsul istehsalı üzrə yerli xammal bazası əsasında 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Hesabat ilində Azərbaycan İnvestisiya Şirkəti tərəfindən Neftçala sənaye zonasında infrastrukturun yaradılması başa çatdırılıb və artıq 7 iştirakçı qeydiyyatdan keçib. Bu il burada avtomobil, kənd təsərrüfatı qurğuları, polietilen boru, modul tipli məktəb binaları, balıq yemi və digər istehsal müəssisələri fəaliyyətə başlayacaq. Bununla yanaşı, Ağstafada sənaye zonası yaradılıb, Masallıda müvafiq torpaq sahəsi ayrılıb və hazırda layihələndirmə işləri aparılır, bir sıra rayonlar üzrə isə sənaye zonalarının yaradılmasına hazırlıq görülür.
Ötən il Füzuli rayonunda “Azərxalça” ASC-nin xalça müəssisəsi fəaliyyətə başlayıb, 9 rayonda isə müəssisələrin tikintisi bu il başa çatdırılacaq, 1600 yeni iş yeri yaradılacaq. Eyni zamanda, xalça istehsalı üçün etibarlı xammal bazasının yaradılması, habelə ixrac potensialının artırılması məqsədilə yunun tədarükü sistemi təşkil edilir, kimya-sənaye parkında əyirici-boyaq fabrikinin yaradılmasına hazırlıq işləri aparılır".
Modern.az