“Ölkəmizin əlverişli təbii iqlim şəraiti demək olar ki, bütün bölgələrdə meyvə və tərəvəz istehsalına imkan verir. Tapşırığınıza uyğun olaraq, son illər digər sahələrdə olduğu kimi, meyvə-tərəvəz istehsalında da müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqi məhsuldarlığı artırmaqla yanaşı, torpaqlardan səmərəli istifadə olunmasına, bu sahələrin daha gəlirli sahəyə çevrilməsinə və ixracın genişlənməsinə imkan yaradıb. Sizin bu sahələrin inkişafına göstərdiyiniz böyük diqqət və sahibkarlara dövlət dəstəyinin nəticəsidir ki, intensiv meyvə bağlarının əkin sahələri genişlənib, müasir istixana kompleksləri yaradılıb. 2015-ci illə müqayisədə meyvə ixracı 24 milyon ABŞ dolları həcmində artaraq ötən ildə 244 milyon dollara, tərəvəz ixracı isə 37 milyon dollar artaraq 129 milyon dollara çatıb. Bu isə regional və qlobal səviyyədə davam edən mürəkkəb iqtisadi proseslər şəraitində ölkəmizə əlavə valyuta gətirilməsində mühüm rol oynayır". Modern.az saytı xəbər verir ki, bunu Prezident İlham Əliyevin iştirakı ilə keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı edən Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev bildirib.
Bəşir Quliyev qeyd edib ki, istehsal etdiyimiz məhsullar ənənəvi hesab olunan Rusiya və digər keçmiş ittifaq respublikalarının bazarları ilə yanaşı, artıq Avropa, ərəb və uzaq Asiya ölkələrinə ixrac olunur: "Geniş istehsal və ixrac potensialı olan meyvə-tərəvəz sahəsinin inkişafına daim dövlət dəstəyi göstərilir. Müxtəlif dövlət dəstək mexanizmlərinin, o cümlədən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə istehsalçılara 256 milyon manat güzəştli kreditlərin verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, xarici ölkələrdə ticarət evlərinin yaradılması və digər ixracın təşviqi tədbirləri nəticəsində bundan sonra da bu sahə sürətlə inkişaf edəcək, ixrac imkanlarımız daha da artacaq.
Mən assosiasiyanın rəhbəri olmaqla yanaşı, həm də sahibkarlıq fəaliyyəti ilə məşğulam. Əlverişli investisiya mühitindən bəhrələnərək Zirə qəsəbəsində 5 hektar ərazidə 6,5 milyon manat investisiya qoyaraq müasir istixana kompleksi qurmuşuq, istehsal olunan məhsullar "AzTomato" brendi altında ixrac olunur. Həyata keçirdiyiniz islahatlardan ruhlanaraq İsmayıllı rayonunda pilot layihə olaraq müasir suvarma sistemlərinin tətbiqini, çeşidləmə, qablaşdırma və logistika mərkəzini özündə birləşdirən, ümumi dəyəri 5 milyon manat olan intensiv kartofçuluq təsərrüfatı yaratmışıq".
B.Quliyev əlavə edib ki, bu layihənin icrası məqsədi ilə dövlətin 2 milyon manat güzəştli kreditindən istifadə etmişik: "Əsas hədəfimiz qısa zaman ərzində torpaq sahələrini genişləndirərək bu layihənin bazasında aqroparkın yaradılmasını təmin etməkdir. Aqroparkda istehsal olunacaq məhsullar daxili bazarı təmin etməklə yanaşı, əsasən ixrac olunacaq.
Mənə yaradılmış imkandan istifadə edərək məruzə edim ki, meyvə-tərəvəz məhsullarının istehsalının və ixracının artırılması, xarici bazarların tələblərinə uyğun məhsul yetişdirilməsi üçün yeni intensiv meyvə bağlarının, tingçilik və istixana təsərrüfatlarının yaradılmasına daha çox dövlət dəstəyinin göstərilməsinə ehtiyac var. Bu məqsədlə dövlət tərəfindən yararlı torpaqların ayrılmasına müvafiq tapşırıq verməyinizi xahiş edirik".
Modern.az