Sadə vətəndaşlardan tutmuş hansısa vəzifə sahibi olanlar reketçilik edənlərə qarşı çətinliklə mübarizə apara bilirlər. Nədənsə reketçilikdən söz düşəndə çoxlarının ağlına özləni “jurnalist” adlandıran fırıldaqçılar – “reket jurnalistlər” gəlir.
“Reket jurnalistlər”lə mübarizə aparıldığı bir vaxtda, reket və yalançı ekspertlər də say çoxluğu ilə diqqət çəkir. Gah siyasi, gah da iqtisadi arenaya çıxaraq, yalançı proqnozları ilə geniş auditoriya qarşısında özlərinin təqdimatlarını həvəslə, şövqlə həyata keçirirlər. 2015-ci ildə manatın birinci devalvasiyasından sonra, cəmiyyət “ekspert bolluğu”na düşdü.
Siyasi arenada da vəziyyət illərdir ki, dəyişmir. Belə “ekspertlər” ilin əvvəlində müharibə anonsu verib, ilin sonunda danışıqlar masası ətrafında sülhə nail olmaqla Qarabağı geri alırlar.
Ümumiyyətlə, yalançı və “reket ekspertlər”in çoxalması necə baş verir?
Onlarla mübarizə metodları nə ola bilər?
Sosial şəbəkələrdən özlərini cəmiyyətə “ekspert” kimi təqdim edənlərlə mübarizə aparmaqda niyə acizik?
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Modern.az-a açıqlamasında “reket ekspertlər”in çoxalmasında mətbuatın da payının olduğunu qeyd edib.
“KİV-lər “reket ekspertlər”lə bağlı məsuliyyətli olmalıdır”
““Reket ekspertlər”in ortaya çıxmasında mətbuatın da payı var. Çünki mətbuat onlara müraciət etməsə, necə üzə çıxa, fikirlərini ifadə edə bilərlər?!. Düşünürəm ki, bu cür məsələlərdə mətbuat çox ehtiyatlı olmalıdır. Tanınmayan, fikirləri qəbul edilməyən insanların cəmiyyətə təqdim edilməsi ilə bağlı ehtiyatlı olmaq lazımdır. Bu məsələlərə çox ciddi yanaşılmalıdır. Ola bilsin ki, müxtəlif proqnozlar verilsin. Amma o proqnozların arxasında təhlükəli məqamlar da, yalanlar da ola bilər. Bu da istənilən formada cəmiyyətdə çaşqınlıq yarada bilər. Doğrudan da, peşəkar ekspert rəyi sözün həqiqi mənasında həlledici rol oynayır. Bunun üçün mətbuat gərək həqiqi peşəkar ekspertlərin fikirlərini ortalığa gətirib cəmiyyətə təqdim etsin. Bunun üçün Kütləvi İnformaisya Vasitələri diqqətli olmalıdır”.
“Onların üzərinə tüfənglə getmək olmaz”
Fəzail Ağamalı, “reket ekspertlər”dən qurtulmağın yolunu da göstərib.
“Yalançı ekspertlərdən qurtulmağın ən optimal yolu onların fikirlərinin təqdim edilməməsidir. Həm də yalançı ekspertlərin üzərinə top-tüfənglə getmək olmaz. Onların üzərinə hansısa Cinayət Məcəlləsi, ya da İnzibati Xətalar Məcəlləsi ilə gedə bilmərik. Çünki həmin “ekspert”in də deməyə sözü var. O da deyər ki, “bu da mənim fikrimdir, söyləmişəm. Buna görə niyə məsuliyyət daşımalıyam? Əgər orada dövlətə ziyan vurulmursa, ekstremist çağırışlar yoxdursa, burada qəbahətli heç nə yoxdur”. Həmçinin, düşünürəm ki, bu cür “ekspertlər”in fikirlərindən yan keçilsə, onlar cəmiyyətdə tanınmayacaq. Beləliklə, onların söyləmiş olduqları yanlış fikirlər də bu formada cəmiyyətə çatdırılmayacaq. Siz mənə müraciət edirsiniz. Mənim də fikirlərim ürəyimdə qalmır. Sonra o fikirləri cəmiyyətə təqdim edirsiniz. İnsanlar oxuyub nəticə çıxarırlar. Deməli, siz müraciət edirsinizsə, mən də danışıram”.
“Reket ekspertlər” və sosial şəbəkə...
Deputatın sözlərinə görə, yalançı və “reket ekspertlər”in çoxalmasında sosial şəbəkələr də problem yaradır.
“Ona görə də sosial şəbəkələrdə özünü təqdim etməyə çalışan yalançı və “reket ekspertlər”lə bağlı fikir söyləməkdə mən də acizəm. Oturub kompüterin arxasında ağlı kəsəni də, kəsməyəni də öz düşüncəsinə uyğun formada yazır. Hətta yazmağı kifayət etmir. Ətrafında olan yaxınları, dostları vasitəsilə bölüşür. Bu baxımdan da problemlər var. Qarşısını almaq çox çətindir”.
Namidə BİNGÖL