“Avropa İttifaqı (Aİ) Türkiyəyə qaçqınların qəbulu üçün konkret layihələr üzrə vəsait ayıracaq. Aİ Türkiyəyə miqrasiya razılaşmasına əsasən maddi dəstək verməlidir Amma həmin pul qaçqınlar üçün konkret layihələrə getməlidir". Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Ankaraya səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Angela Merkel Türkiyədəki Konstitusiya dəyişikliyində hakimiyyət bölgüsü prinsipinə təminat verilməsinin zəruriliyini vurğulayıb: “Yeni idarəetmə sistemində türk xalqının müdafiə etdiyi demokratik prinsiplər qorunub saxlanılmalıdır. İstərdik ki, ATƏT müşahidə missiyasın Türkiyədəki Konstitusiya dəyişikliyinə dair referendumun müşahidəçiliyinə dəvət olunun”.
Daha sonra İŞİD probleminə toxunan A.Merkel “islamist terror” ifadəsi işlədib. Bu ifadə isə Türkiyə prezidentinin etirazına səbəb olub.
R. T. Ərdoğan “islamist terror” ifadəsinin müsəlmanları ciddi şəkildə üzdüyünü bildirib: “Belə bir ifadədən istifadə olunması doğru deyil. Çünki islamla terror bir araya gələ bilməz. İslam sözünün mənası sülhdür. Bu sözdən lütfən istifadə etməyək. İstifadə edilsə, biz buna qarşı çıxacağıq, çünki səssiz qalmaq bunu qəbul etmək olar. Mən bir müsəlman prezident olaraq bunu əsla qəbul edə bilmərəm”.
A. Merkel isə cavab olaraq “islamist” sözü ilə “islami” sözü arasında fərq olduğunu vurğulayıb: “Din azadlığı mənim üçün çox önəmlidir və bunu demokratiyanın bir parçası olaraq görürəm. Almaniyada müsəlmanların öz ibadətlərini azad şəkildə yerinə yetirmələri üçün əlimizdən gələni edirik. İslamist sözü ilə islami sözü arasında fərq var”.
Modern.az