(Yazı Cavid Həmişəyevin 40 yaşına həsr olunur)
Məni məndən alan dünya,
Vədəsi boş, əhdi tamam yalan dünya,
Ölməzlərin qədrini heç bilmədin, sən,
Diri ikən öz içində ölən dünya!
Ölən dünyanın ölməz sakinindən yazacam. Adı kimi özü də, əməlləri də əbədiyaşar sakinindən – Cavid həkimdən yazacam. Bəzən bir saniyə bir qərinə kimi, bəzən də bir qərinə bir saniyə kimi gəlib keçir. Hər saniyəsi qərinəyə bərabər ömür sahibi Cavid həkim bir qərinədən cəmi 3 il artıq yaşadı. Bir qərinəlik ömrünü isə bir dünya ömrünə əbədilik həkk etməyi bacardı. Qəribəliklər, təzadlar insan ömrünü yaddaqalan edir. Elə Cavid həkim də qəribə, təzadlı ömür yaşadı. Elə sirli yaşadı ki, ömrünü. Hamıya sirr qaldı. Dosta-tanışa, yada-doğmaya, Allahdan sonra onu bu dünyaya bəxş edən ata-anaya da bir sirr olaraq qaldı Cavid həkim. Sirr gəlib, sirr getdi alim eloğlum.
Biz əvvəl qərinələri öyrəndik. Sonra repressiyaları anlamağa başladıq. Qərinə ömürlü alim ömrünü repressiya ömrü ilə əvəzlədi. 33-ü 3 il idi tamamlayan Cavid həkim 37-yə tuş gəldi. 37-dən sonra 40 da var imiş. Çoxlarının körpəsi anadan olanda “40-ı çıxdı.” –deyib sevindiyi, çoxlarının isə doğması, əzizi bu dünyadan köç edəndə “40-ı çıxdı.” –deyib göz yaşı axıtdığı 40-ı deyirəm. Cavid həkim valideynlərini ikinci dəfə yazdığım 40-la iki dəfə yasa qərq edəcəkmiş sən demə. Bir ölümünün 40-cı gününün dəhşəti ilə, bir də olumunun 40 illiyində - 40 yaşının tamamında. 40-lar heç düşmədi Həmişəyevlərə. Əməlləri nurlu insan Zaməddin müəllim, əyilməz qadın Hafizə xanım bu 40-ı Cavidsiz qeyd etməyi heç ağıllarının ucundan belə keçirməzdilər 40 il öncə. Ancaq nə etmək olar?! “Sən saydığını say, gör fələk nə sayır!” – misalı bu dəmdə at oynatmaqdadır. Övliya simalı Zaməddin müəllim danışdığı sözün hər hərfində “Cavid” deyir. İnanmayan inanmasın. Mən Zaməddin müəllimlə ünsiyyətdə olduğum zaman öz gözlərimlə görüb, öz qulaqlarımla eşitmişəm yazdıqlarımı. Hələ Hafizə xanımı demirəm. Oğlunun 40 yaşına bir ana hədiyyəsi də edib. Öz halal təqaüdü ilə Cavidinin dürlü əməllərini, ölməz xatirəsini əbədiləşdirib kitab şəklində çap etdirib, bu dünya ilə yenidən göz-gözə dayandı: “Sən mənim balamın qədrini bilmədin, dünya!” –dedi. “Eh, hardan biləsən, nə biləsən Cavid kimi oğul itirməyin dəhşəti necə olur.” –söylədi. Bu hayqırtısı ilə dünyanı ölməzliyə səslədi Hafizə xanım.
Cavid həkimi milyonlar tanıyırdı. Bəşər tanıyırdı. Onun tərcümeyi-halını yazmağa ehtiyac duymadım. İlklərə imza atan Cavid Həmişəyev Azərbaycan səhiyyəsinin kardiologiya sahəsinin ilk invaziv kardioloqu, tibb elmləri üzrə fəlsəfə doktoru idi. Çox qısa yazacam əfsanə, dastan ömürlü tarixi həkimdən:
Elmin Övliyası idi.
Xəstə ürəklərin şəfası idi.
Maddi imkanı olmayıb, ürək xəstəliyindən əziyyət çəkən minlərlə insanın ümid qapısı idi.
Çox həkimlərin maddi imkana görə xəstəyə yuxarıdan aşağı baxdığı bir dövrdə Cavid həkim xəstələrinin dostu, həm maddi, həm də mənəvi dayağı idi.
Yenə qısaca yazacam. Siz heç görmüşdünüzmü ki, elmdə ən yüksək zirvələri fəth edən bir həkim ona pənah aparan xəstəsinin ayağına corabını, ayaqqabısını geyindirsin?! Əlbəttə ki, xeyr! Ancaq Cavid həkim bu böyüklüyü edirdi. Belə böyüklüyü edən insan təbii ki, əfsanələşməli, tarixiləşməli idi. İndi onun nurlu əməlləri əfsanəyə çevrilib, dillərdə dastana dönüb. Həmin əfsanələr, dastanlar isə tarixin yaddaşına həkk olunub.
Milyonların qəlbində ölməz, işıqlı əməlləri yaşayan dəyərli eloğlum, 40 yaşın mübarək! (Ona görə mübarəkdi yazdım ki, Cavid həkim ölməyib, ölməzlik zirvəsinə ucalıb.) Ölən dünyanın ölməz və əbədiyaşar həkimi, bu dünyanı müdrik əməllərinlə bəzədiyin insan ömrünə min alqış!
Hörmətli Zaməddin müəllim və Hafizə xanım, çiyninizi kədər yükü yükləməsin. Hər zamankı kimi məğrur dayanın. Mərd, məğrur, ölməz oğul böyüdən ata-anaya ancaq və ancaq təşəkkür düşər. Sizə təşəkkür edirəm.
Həmişəyevlər ailəsinə böyük hörmətlə: Səbinə YUSİF