İraq-Şam İslam Dövləti (İŞİD) radikal terror qruplaşmasının silahlıları islamçıların tərəfində vuruşmaq istəməyən və Mosulu şəhərin qərb hissəsindən tərk etməyə cıhd göstərən 45 dinc sakini güllələyiblər.
Modern.az xarici mediaya istinadən bildirir ki, yanvar ayında İraq ordusu ilə döyüşlərdə ciddi itki verən İŞİD yaraqlıları dinc sakinlərin timsalında kömək axtarmağa başlayıblar, onları öz tərəfində döyüşməyə məcbur etmək istəyiblər.
“İŞİD gəncləri zor gücünə öz tərəfinə çəkmək istəyir. Çoxları İŞİD-ə qoşulmaqdan imtina edərək qaçmağa cəhd göstərib”, - yerli sakinlərdən biri deyib.
Digər yerli sakinin sözlərinə görə, yaraqlılar bu həftənin birinci günü çayı üzərək şəhərin qərb hissəsinə keçməyə cıhd göstərən 40 gənci güllələyiblər. Daha 5 nəfər həftənin ikinci günü öldürülüb. Öldürülənlərin meyitləri xəbərdarlıq kimi ailələrinə verilib.
BMT-nin humanitar agentliyinin məlumatına görə, İŞİD-in nəzarətindəki Mosulun qərb hissəsində 750-800-ə yaxın yaralı var. Bu hissə hələ də yaraqlıların nəzarətindədir.
Modern.az