Xəbər verdiyimiz kimi Daxili İşlər Nazirliyi (DİN) bloqqer Mehman Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib.
Onun hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov Modern.az-a bloqqerdən şikayət edənin kimliyini açıqlayıb.
E.Sadıqovun sözlərinə görə, Mehman Hüseynova qarşı xüsusi ittiham qaydasında şikayəti Nəsimi rayon Polis İdarəsinin rəisi Musayev Musa Oktay oğlu verib. O, Mehman Hüseynovun Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə məsuliyyətə cəlb olunaraq cəzalandırılmasını xahiş edir.
Məhkəmənin hazırlıq iclası fevralın 10-da saat 10:00-da Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun sədrliyilə keçiriləcək.
Qeyd edək ki, Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) ilə təqsirli bilinərək saxlanılmışdı. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə bloqqer 200 manat cərimələnərək sərbəst buraxılıb. M.Hüseynov mətbuata verdiyi açıqlamada polislərin onunla pis rəftar etdiyini, fiziki zorakılığa məruz qaldığını, başına torba keçirildiyini deyib.
DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidov saytımıza açıqlamasında bloqqerin dediklərini təkzib etmişdi.
Gülşən RAUFQIZI