Milli Məclisin deputatı Zahid Oruc bir müddət öncə Azərbaycanın işğal altındakı ərazilərinə dair ayrıca sənəd haqırlanması təklifilə çıxış etmişdi. O, yalnız Xarici İşlər Nazirliyi səviyyəsində işğal altında olan torpaqlara qanunsuz səfər edənlərin “qara siyahı”ya salınmasının yetərli olmadığnı qeyd etmişdi.
“Bu, kifayət deyil və ayrıca qanunverici sənəd hazırlanmalıdır. Azərbaycan Dağlıq Qarabağa səfərlər təşkil etsə, bu zaman Ermənistan mane olacaq. Çünki nəzarət onlardadır. Bununla da, biz icazə versək, Ermənistan qoymasa, həmin şəxslərdə Ermənistana qarşı fikirlər formalaşacaq”-deyə deputat bildirib.
Bununla bağlı qanunverici sənədin hazırlanmasının əhəmiyyəti nədir?
Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlama verib.
Zahid Oruc ilk öncə, ötən illərdə də Qarabağla bağlı məsələlərin tənzimlənməsi üçün müvafiq qanunvericilik normalarda dəyişikliklərin və düzəlişlərin aparıldığını bildirib.
““Pasportlar haqqında” qanunda qeyd olunub ki, Azərbaycanın suveren iradəsindən kənarda hansısa bir hüquq əldə edərək, işğal altındakı ərazilərə getmək məsuliyyət yaradır. Həmçinin, bu ideyalar “Azərbaycan Respublikasının dövlət sərhəddi haqqında” qanunda da qeyd olunub. Lakin arzuolunan hal bundan ibarətdir ki, biz nəinki səfər etməni, eləcə də orada iqtisadi fəaliyyətini quran, qızıl yataqlarımızdan tutmuş aqrar sahələrimizi istismar edən şəxslərə dəqiq mesajlarımızı verək. Bunun onlar üçün hansı cəzalara səbəb olacağını ortaya qoyaq. Bu qanunun hazırlanması ilə Azərbaycan istənilən beynəlxalq məhkəmələrdə qeyd olunan şirkətlərin qanunsuz fəaliyyətini sübut edə, onları cərimələndirə bilər. Bir neçə Hindistan, Fillandiya, İsveç və İrandan olan şirkətlər Qarabağla birbaşa müqavilələr imzalayıb. Onlar müxtəlif istiqamətdə meşə məmulatları, aqrar məhsullar və sənaye quruculuğunu Qarabağ vasitəsilə aparmağa cəhd göstərirlər. Bu aşkar şəkildə Ermənistan siyasətiydi ki, onlar Azərbaycana zərbə vursunlar. Göstərsinlər ki, Qarabağ legitim bir tərəfdir, beynəlxalq hüquqlara malikdir. Ona görə də bu məsələlərin tənzimlənməsi üçün işğal altındakı torpaqlarla bağlı qanun olmalıdır. Biz Ermənistanla hər hansı bir diplomatik münasibətə malik deyilik. Amma qeyd olunan məsələləri tənzimləmək üçün normativ akt qəbul olunmayıb”.
Deputat deyib ki, vahid bir sənədlə biz dünyaya göstərməliyik ki, yalnız “qara siyahı”lar tərtib etmirik.
“Biz işğal altındakı torpaqlarla bağlı qanunla onlara bildirərik ki, həmin ərazilərdə iş aparması qanunsuzdur. Torpaqlarımız işğaldan azad olunan kimi, həmin sənədlər kağız parçasına çevrilib bir kənara atılacaq. Həmçinin Aleksand Lapşin məsələsi bunu bir daha da aktuallaşdırır ki, Azərbaycan işğal altında olan torpaqlarla bağlı hüquqi çərçivəni müəyyənləşdirməlidir”.
Mirmahmud KAZIMOĞLU