Modern.az

Azərbaycanın ən çox mal satdığı və mal aldığı ölkələr - SİYAHI

Azərbaycanın ən çox mal satdığı və mal aldığı ölkələr - SİYAHI

10 Fevral 2017, 14:51

2016-cı ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 116 ölkəyə məhsul ixrac olunub, 177 ölkədən idxal olunub.

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ildə xarici ticarət dövriyyəsi 21650,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 13118,4 milyon dollar, idxalın dəyəri 8532,4 milyon dollar təşkil edib, nəticədə 4586  milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ticarət dövriyyəsinin 36,2 faizi Avropa İttifaqı ölkələri, 13 faizi MDB üzvü dövlətləri, 50,8 faizi isə dünyanın digər ölkələrinin payına düşür.

             
İxracın dəyərinin 17,1 faizi İtaliyaya, 12,4 faizi Türkiyəyə, 8,7 faizi Tayvana (Çinin əyaləti), 7,3 faizi İsrailə, 6,7 faizi Almaniyaya, 5,4 faizi Fransaya, 4,8 faizi Hindistana, 4,5 faizi Rusiyaya, 3,8 faizi Gürcüstana, 3 faizi Çinə, qalan 26,3 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.

              
İdxal olunmuş məhsulların dəyərinin 19,2 faizi Rusiyanın, 13,8 faizi Türkiyənin, 8,2 faizi Çinin, 5,8 faizi Birləşmiş Krallığın, 5,5 faizi ABŞ-ın, 4,7 faizi Almaniyanın, 3,9 faizi İtaliyanın, 3,4 faizi Ukraynanın, 3,3 faizi Yaponiyanın, 3,2 faizi Norveçin, 29,0 faizi isə digər ölkələrin payına düşüb.


2016-cı ildə 1237,1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2015-ci ilə nisbətən real ifadədə 16,4 faiz azdır.

 
2016-cı ildə 2015-ci illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 23,9 faiz, təzə tərəvəz – 49,5 faiz, kartof – 4,1 faiz, qara metallardan borular – 5,3 dəfə, pambıq  ipliyi – 11,0 faiz artıb, şəkər ixracı isə 50,9 faiz, bitki yağları – 56,3 faiz, çay – 73,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 89,1 faiz, polietilen – 3,7 faiz, emal olunmamış alüminium – 22,7 faiz azalıb.

2015-ci illə müqayisədə 2016-cı ildə buğda idxalı 18,2 faiz, xam şəkər və şəkər – 25,3 faiz, bitki yağları – 20,1 faiz, təzə meyvə – 24,7 faiz, kərə yağı, digər süd yağları və pastaları – 4,1 faiz, çay – 69,0 faiz, kartof­­­­ – 46,7 faiz, quş əti və onun əlavə məhsulları – 3,3 dəfə, təzə tərəvəz – 80,1 faiz, mal əti – 3,9 faiz, polad prokatı – 4,0 faiz, mebel – 20,1 faiz, mineral gübrələr – 9,7 faiz, hesablama maşınları, blok və qurğuları – 3,3 dəfə, rezin şinlər – 38,9 faiz, məişət kondisionerləri – 5,0 dəfə artıb, minik avtomobillərinin idxalı isə 79 faiz, qara metallardan borular – 53,9 faiz, qara metallardan çubuqlar – 63,1 faiz, polietilen – 26,5 faiz, qara metallardan künclüklər ­– 39,2 faiz, sement və sement klinkerləri – 21,5 faiz azalıb.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB