Son günlər internetdə Bakı Avropa Liseyində baş vermiş “yanğın hadisə”si ilə bağlı gedən yalan məlumatlar, böhtan xarakterli yazılardan çox narahatıq. Xüsusilə, 09.02.2017-ci il tarixdə Haqqin.az saytında gedən, qeyri-peşəkar jurnalist tərəfindən yazıldığı hiss olunan məqalə bizi xeyli məyus etdi.Özü də eşidəndə ki, saytın adı haqq-ədalətlə bağlıdır .
Övladlarımızın oxuduğu bu təhsil ocağı haqqında deyilən neqativ sözlərə qarşı laqeyd qala bilməzdik. Bakı Avropa Liseyi nailiyyətləri, uğurları ilə seçilən tədris müəssisəsidir. Bir çoxları övladlarının burada təhsil almasının arzusundadır. Hər il liseyə daxil olmaq üçün bir yerə 8 nəfərin ərizə verərək müsabiqədə iştirak etməsi bunun bariz göstəricisidir. Sözsüz ki, diqqət mərkəzində olan hər kəsə qibtə edənlər, onu sevməyənlər olur.
Biz internetdə gedən qərəzli yazıların məhz belə insanlar tərəfindən yazıldığını düşünürük. Belə olmasaydı, liseydə kondisionerin sıradan çıxması nəticəsində baş verən tüstülənmə hadisəsi “liseyin yanması”, “müəllim və şagirdlərin təxliyyə olunması” kimi qələmə verilməz, rəsmi mənbələrdən deyil, azyaşlı şagirdlərdən alınmış “müsahibə” ni tutarlı fakt kimi götürərək jurnalist qeyri- peşəkarlığını nümayiş etdirib,yoxlanılmamış məlumatlar yerləşdirilməzdi.
Əslində isə liseydə nə baş vermişdir?
06.02.2017-ci il tarixdə Bakı Avropa Liseyinin B korpusunun akt zalında kondisionerin sıradan çıxması nəticəsində tüstülənmə olub. Liseyin rəhbərliyi tamamilə doğru olaraq həmin dəqiqə hər ehtimala qarşı şagirdlərin təhlükəsizliyi təmin etmək məqsədilə onları A korpusuna yerləşdirilib. Sonra Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə baxış keçirilib və onlar heç bir təhlükənin olmadığını söyləyiblər. Sadəcə olaraq akt zalında tüstü olduğuna görə həmin mərtəbəyə keçməyi məsləhət görməyiblər.
Bir daha qeyd etmək istərdik ki, Bakı Avropa Liseyi öz nailiyyətləri, uğurları ilə həmişə respublikanın öndə gedən tədris müəssisələrindən olub. Adını çəkdiyimiz sayt yazısında göstərilir ki, liseydə şagirdlərə lazım olmayan fənlər tədris edilir. Bu, tamamilə həqiqətə ziddir. Liseyin məzunlarının əksəriyyəti,elə bir çoxumuzun övladları liseyin verdiyi bilik bazası əsasında dünyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alırlar.
Bundan əlavə, məqalədə qeyd edilir ki, “nə yaxşı ki hadisə zamanı əl altında yanğınsöndürən balon olub”. Belə bir təsəvvür yaradılır ki, sanki bu balon təsadüfən orda olub. Ancaq biz bir valideyn kimi onun şahidiyik ki, liseyin dəhlizlərində yanğınsöndürən balonlar mövcuddur. Yəni yanğınsöndürən balonların orda olması jurnalistin dediyi kimi,heç də “təsadüfi” deyil.
Məqalədə qeyd olunan daha bir yalan ondan ibarətdir ki, liseydə pul yığımı halları çoxdur. Liseyin valideynləri olaraq demək istəyirik ki, bu, sadəcə olaraq “jurnalist” təxəyyülünün yazının dozasını artırmaq vasitəsidir.Biz valideynlər olaraq məktəbin həyatında yaxından iştirak edirik və burada baş verən bütün prosesləri şəffaf güzgüdən görə bilirik.
Biz liseyin valideynləri olaraq bu məqaləni yazmış jurnalistlə görüşmək, bu məlumatlarınmənbəyini, haradan götürdüyünü öyrənmək niyyətindəyik. Və sonda bir daha bildirmək istərdik ki, real hadisələri əks etdirən məqalə yazmaq, araşdırma aparmaq gercəkliyi öyrənmədən hər hansı dumanlı fantaziyanın məhsulu olmamalıdır. Bu, qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir. O da ola ki, otaqda pişik olmaya.
Modern.az