Samara vilayət məhkəməsində keçirilən prosesdə prokuror polis zabiti Andrey Koştanı və onun 5 ailə üzvünü öldürənlərin uzun müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Modern.az xəbər verir ki, bu iş üzrə günahkar bilinənlərin 3-ü – Roman Fətəliyev, İslam Babayev, Orxan Zöhrabov – Azərbaycan, biri – Mahmadalı Ahmadov Tacikistan vətəndaşıdır.
Məlumata görə, dövlət ittihamçısı Ahmadov və Fətəliyevin cəzalarını ciddi rejimli həbsxana çəkməklə ömürlük azadlıqdan məhrum olunmalarını istəyib.
Zöhrabova və Babayevə gəldikdə, prokuror onlara müvafiq olaraq 26 və 25 il hökm çıxarılmasını istəyir. Onlar cəzalarının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli müəssisədə çəkməlidirlər.
Hökm fevralın 22-də açıqlanacaq.
2016-cı ilin aprel ayında Samara vilayətinin Sızran rayonunun İvaşevka kəndində 6 nəfər yatdıqları yerdə öldürülüb. Onların arasında Rusiya Daxili İşlər Nazirliyi Baş İdarəsinin regional qərargahının rəis müavini Andrey Qoşta da olub. Hücum zamanı yalnız 2009-cu il təvəllüdlü qız sağ qalıb.
Modern.az