Modern.az

Lapşin, Dilqəmlə Şahbaza tay ola bilməz

Lapşin, Dilqəmlə Şahbaza tay ola bilməz

12 Fevral 2017, 10:25

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

 

İndiki məqamda Dilqəm və Şahbazı Lapşinlə dəyişməyi təklif etmək həm siyasi, həm də hüquqi baxımdan doğru olmaz. Bununla Azərbaycan dolayısı ilə qondarma "Dağlıq Qarabağ" rejimini tanımış və ya müstəqil dövlət kimi qəbul etmiş olar

 

Ermənistan hakimiyyətinin beynəlxalq qanunlara erməni konyak şüşəsinin dar boğazından baxması və əksər başbilən ölkə rəsmilərinin bu "boğazdan" öz boğazlarına süzülən meyin təsirindən keflənərək gözlərinin yumulduğunu onsuz da bütün dünya bilir.

 

Azərbaycan sərhədlərini növbəti dəfə pozmaq üçün 150 dollar axtarışında olan bloger Aleksandr Lapşinin özünün axtarışı nəhayət ki, Belarus respublikasında yekunlaşdı və o, tutularaq Azərbaycan tərəfinə təhvil verildi.

 

Belarus prezidenti A.Lukaşenkonun yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında - "Belarusun Rusiya və İsrail vətəndaşlığı olan bloger Aleksandr Lapşini Azərbaycana verməmək üçün heç bir əsası yoxdur" deməsi,  blogerə qahmar çıxan rəsmi sözçülərin sözbazlıqlarına son qoydu.

 

Düzdür, Rusiyanın insan haqları üzrə müvəkkili Tatyana Moskalkova, Ermənistan Ombudsmanı Arman Tatoyan, İsrailin Belarusdakı konsulu Yuliya Raçinski-Spivakova və ən gülməlisi isə Rusiya tərəfindən Dağlıq Qarabağa "qondurulan" "DQR"-nın "ombudsmanı" Ruben Məlikyan, Azərbaycanın "böyük bağ"ına  qanunsuz girən Andrey Lapşinə nə qədər "beynəlxalq dərəcəli hakimlik" etsələr də bir şey alınmadı. 

 

Lapşinin öz sosial şəbəkə səhifəsində - "Azərbaycan qanunlarını pozmaq üçün 150 dollar lazımdır; Azərbaycanın XİN siyahısında on altıncı yerdəyəm, indi nömrə bir olmaq istəyirəm. On altıncı yeri özümçün təhqir hesab edirəm; Orada mənim qanuni birinci yerimi hansısa Sinqapurlu Abuqali Sin-Si Ern tutub; Növbəti dəfə Azərbaycan qanunlarını işğal olunmuş ərazilərdə pozacağam" yazması, (mənbə: 1news, tərcümə M.A.) onu təsdiq edir ki, bloger bütün bunları şüurlu şəkildə Azərbaycanı məsxərəyə qoymaq üçün yazıb.


Amma əslində, ağ adı Aleksandr - Saşa, qara adını isə Oleksandr - "Soşo" edən Lapşin, qara keşişlərin "qara quruşları"na şirnikərək qara-qura işlərə qurşanıb adını "qara siyahı"ya salmaqla, indi daha çox özü-özünü məsxərəyə qoymuş oldu.  

Əlbəttə, Lapşin iki-üç ölkənin vətən daşını çiyinlərində daşıya bilər, amma bu, ona özgəsinin bostanına daş atmağa heç bir əsas verə bilməz. Bir də ki o, özgəyə daş atan zaman bu daşın nə vaxtsa onun öz başına da düşəbiləcəyini əvvəlcədən düşünməliydi. Anaları günahlandırmaq olmaz, amma indi Lapşinin anası Bella xanımın - "bu dəfə o, düşüncəsiz hərəkət" edib deyərək rəsmi Bakıya yalvarmaqdansa, gərək vaxtında oğluna öyüd verəydi ki, Azərbaycanda "göy üzü daş saxlamır atam balası."

 

Azərbaycan Prokurorluğun məlumatına görə, A.Lapşının hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanmışdır.

 

Bu arada Lapşinin etdiyi qanun pozuculuğuna görə, Rusiyalı politoloq Oleq Kuznetsovun - "Mən Lapşinin sosial şəbəkələrdəki paylaşımlarını görmüşəm. O, cinayət etdiyini bilirdi, bununla fəxr edirdi. "Görüş yerini dəyişmək olmaz" filminin personajı Qlebin dediyi kimi: "Oğru türmədə oturmalıdır" deməsi, bu əməllərinə görə "Lapşini nə gözləyir?" sualını ortaya çıxarır. Lapşinin törətdiyi cinayətə görə onu, Azərbaycanın Cinayət Məcəlləsinin 318.2. maddəsilə (Dövlət sərhədini pozma) 5 ilədək və 281.2. maddəsilə (Dövlət əleyhinə yönələn açıq çağırış) 12 ildən 20 ilə qədər azadlıqdan mərhumetmə cəzası gözləyir. 



Lapşinin taleyini ölkəsi üçün prioritet məsələ sayan Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın "Hesab edirəm ki, bu məsələ ikitərəfli münasibətlərdə yaranan digər məsələlər kimi, işgüzar əsasda həll olunacaq" deməsi, məsələnin müəyyən mənada Lapşinin Dilqəm və Şahbazla dəyişdirilməsi anlamına gələ bilər. Əlbəttə, bütün sahələrdə olduğu kimi siyasətdə də yazılmamış qanunlar bəzi hallarda böyük rol oynaya bilir. Amma indiki məqamda Dilqəm və Şahbazı Lapşinlə dəyişməyi təklif etmək həm siyasi, həm də hüquqi baxımdan doğru olmaz. Çünki bu, dövlətlərarası cinayətkarların mübadiləsi işi olar ki, bununla da Azərbaycan dolayısı ilə qondarma "Dağlıq Qarabağ" rejimini tanımış və ya müstəqil dövlət kimi qəbul etmiş olar.

 

Burada nəzərə alınmalıdır ki, Lapşin Azərbaycan dövlət sərhədini pozan və bu ölkənin əleyhinə ictimai çağırışlar edəndir, amma Dilqəm və Şahbaz öz ana torpaqlarında quldurlar tərəfindən girov götürülmüşlərdir. Bu mənada Lapşin, Dilqəmlə Şahbaza tay ola bilməz. Qarabağ fonunda Dilqəm və Şahbazın girovluğu həm hüquqi həm də siyasi məsələdir. Amma Lapşinin hərəkəti cinayət tərkibli olduğundan yalnız hüquqi məsələdir. Ona siyasi don geyindirənlər isə bu "donu" onun əynindən çıxarsalar şübhəsiz ki, "hər şey" açıqda qalaraq daha aydın görünəcək.

 

Lapşin olayının siyasi simə yalnız, S.Lavrovun - "Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil" dediyi bir yerdə toxunduğunu qeyd etmək olar. Çünki, blogerin Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan getməsi və nəticədə İnterpol vasitəsilə tutularaq Bakıya gətirilib törətdiyi qanunsuz əmələ görə barəsində cinayət işi açılması, Dağlıq Qarabağın Azərbaycan ərazisi, eləcə də məhz onun daxili işi olduğunu bütün dünyaya sübut etmiş oldu. Sözsüz ki, bunu dolayısı ilə Lavrova vurulan tərs şapalaq kimi də qiymətləndirmək olar.

 

Sonda onu da deyək ki, ata adı faşist Almaniyasının lideri Adolf Hitlerlə həmqafiyə olan, artıq altıncı dəfədir ki, dünyanı özünə "hay Jirik!" dedirtməyə cəhd edən və keçmiş Sovet respublikalarını Rusiyanın quberniyalarına çevirməyi arzulayan Vladimir Volf oğlu Jirinovskinin hay-küylə A.Lukaşenkonu partizan  adlandırmasından sözsüz ki "Lapşina tuman olmayacaq."

 

Məşhur rusiyalı teleaparıcı V.Pozner müsahibələrinin birində - "Təəssüf, siyasət elə bir şeydir ki, orada mənəviyyat olmur. Burada dövlət maraqları mənəviyyatı üstələyir. Bu gün dost olduğun dövlətlə sabah düşmən, düşmən olduğun dövlətlə isə dost ola bilirsən" - deyir. Ona görə də Jirinovski nə vaxtsa yenidən Bakıya gəlmiş olsa və o, pəh-pəhlə qarşılansa buna təəccüb etməyə dəyməz.

 

P.S. Sosial şəbəkələrdə Lapşin olayının siyasi oyun olduğunu vurğulayanlar bilməlidir ki, bu, oyun olsa belə, bütün oyunlardan qalib çıxmağın özü qürurverici haldır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB