Hərə öz tribunasından qərəzli çıxış edəndə ədalət prinsipi pozulur. Bu cür proqramlara şahidlik missiyasını üzərinə götürənlərin, seçim qarşısında qalmaq hökmü isə daha ağırdır.
Həftənin hesabatını təqdim edirəm.
Bəzi təbəqələrin abrını, önlərinə çəkilmiş pərdə örtür. Elə ki o pərdə açıldı, dərin çatlar dərhal gözə girir. Yola saldığımız həftə siyasi, iqtisadi, mədəni baxımdan gərgin keçdi.
İqtisadi durumumuz necədir?!
İki ilə yaxındır ki, Amerika dollarının əlində əsir-yesir qalmışıq. Hər dəfə dollar manata nisbətən möhkəmlənəndə ərzaq təhlükəsi ilə üzləşirik. O baxımdan ki, yediklərimizə əl də uzada bilmirik. Son günlərdə isə manat dolların qarşısında möhkəmlənməyə başlayıb. Gözümüz aydın deyəkmi?! Düzü, sevinə də bilmirik. Nəyinə sevinək ki! Bazarlar, marketlər ərzaq qiymətlərinin yüksək olmasından od tutub yanır.
Muğamımıza söyüş yaraşmır
Yola saldğımız həftə ərzində aləm bir-birinə dəydi. Daha doğrusu, muğam dünyasında elə fırtına qopdu ki, bu dəfə şou aləmi izləmə mövqeyində dayandı. Təəssüf ki, xalq artisti Canəli Əkbərov Qarabağ şikəstəsi əvəzinə, küçə dilində “muğam” oxudu. Özü də elə tonda oxudu ki, həmkarlarını “ağ yuyub qara sərə” bildi. Təbii, bunu ört-basdır edə bilmərik. Xalq artistinin dediklərinə haqq da qazandırmaq olmaz. Amma bəzi nüanslar var ki, onları unutmamalıyıq. Əvvəla, istənilən əsəbi başda ağıl olmur. O baxımdan belə situasiyalarda biz özümüz də ağıllı ola bilmirik.
Yaxşı, bəs bizim istəyimiz nədir? Doğrudanmı, hamılıqla muğama dönə-dənə qulaq asırıq?! Heç inanmağım gəlmir. Amma Canəli Əkbərovun ağzından çıxan kəlmələri dildən-dilə gəzdirməyi bacardıq. Özümüzə afərin deyə bilməyəcəm. Bizimlə müqayisədə Canəli Əkbərovun 76 yaşı var. Yağışdan çıxan göbələk də deyil. Xalq artistidir. Seyid Şuşinski və Xan Şuşinskidən muğam dərsləri alıb. Di gəl ki, Muğam müsabiqəsinin münsiflər heyətindən kənarlaşdırılması məsələsi xalq artistinin “əhvalına soğan doğrayıb”. Təəssüf ki, Canəli Əkbərov, ağayana rəftar sərgiləməməklə, təhqir də etdi, söyüş də söydü.
Təəssüfedici məqam daha var. Şoulaşmayan muğam sənəti qalmışdı. Güman ki, Canəli Əkbərovun çıxışından sonra muğam ifaçılarımız gündəmdə qalmaq üçün bir-birinin ünvanına xoş olmayan sözlər deyəcəklər. Elə bilirsiz deməyəcəklər?! Mütləq deyəcəklər. Hələ bu harasıdır. 1990-cı illərdə xalq artistləri Flora Kərimova və mərhum İlhamə Quliyeva arasında bitməyən savaş və söz davası elə formada start götürdü ki, estrada dünyasının insanları bu gün də şou-biznes adı altında məlum ənənəni davam etdirir. Deməli, muğam dünyası da bundan sonra əxlaq pərdəsinə ehtiyac duymayacaq. Öz aramızdı, öndə dayananlar bütöv bəşəriyyət üçün hər zaman nümunə olub. Fərqi yoxur, hansı mənalarda.
Bu arada, təkcə qidalar modifikasiya olunmur. İnsanlar və onların mənsub olduqları dünya da deformasiyaya uğrayır.
Zatən, cığırı biz açmasaq izimizə kim düşə bilər ki!
Jirinovskinin imperiyapərəst mövqeyi
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski də Azərbaycanı qarabaqara izləməkdən əl çəkmir. Ağıldan kəm diaqnozu qoyulmasına baxmayaraq, həssas məsələlərə toxunmaqla qıcıq yarada bilir. Təmsil olunduğu dövlətin siyasi lideri, imperiya havasına düşüb. Deyir ki, bütün postsovet ölkələri, Rusiyanın tərkibinə qayıtmağa həvəslidirlər. Bilmək olmur, Jirinovski ölkələr arasında sorğu keçirib bu qənaətə gəlib, yoxsa, Putin hakimiyyətinin dünya barədə növbəti planlarının tərkib hissəsidir?! Hər halda, qalmaqallı siyasətçi Azərbaycanın yaralı probleminə toxunmaqla nifrət hədəfinə tuş gəlib.
Necə yəni Qarabağ olmayacaq, Azərbaycan olmayacaq?! Ancaq Bakı quberniyası olacaq?! Maraqlıdır, imperiya məsələsini qabardıb 18-ci əsrə qayıtmağa Jirinovskini nə vadar edir?! Cənubi Qafqaz regionunun münaqişə zonası kimi tanınması Rusiyanın, ya da, Jirinovskinin ürəyini ağrıdır?! Əgər ağrıdırsa, yaxalarını bir kənara çəksinlər ki Cənubi Qafqazın Abxaziya və Qarabağ münaqişəsi də həll olunsun. Daha çar imperiyasının bərpasına nə gərək var?!
Azərbaycanın növbəti uğuru
İşimiz var da! Ana oğlunun əfv olunması üçün nə gərəkdirsə onu da edir. Anaya deyən lazımdır ki, dünya şöhrətli oğlunun əməllərinə tanıqlıq edərkən, prosesləri əngəlləməyə niyə yardımçı olmurdun?! Axı, Lapşin sıradan bloqqer deyil!
3-4 dövlətin vətəndaşlığına sahiblənib dünya üzərindən Ermənistana pənah apararkən, etiraz səsinizi çıxarmağınız o zaman daha humanist olmazdımı?!
Yola saldığımız həftə Ukrayna, Rusiya, İsrail dövlətlərinin vətəndaşlığını daşıyan tanıınmış bloqqer Aleksandr Lapşin Azərbaycana ekstradisiya olundu. Bu o Lapşindir ki, Azərbaycanın işğal olunmuş ərazilərinə 2011-ci ildən başlayaraq qanunsuz səfərlər edib. Bu azmış kimi Dağlıq Qarabağı qeydlərində “müstəqil” dövlət kimi təqdim edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Qarabağa səfər etməklə bağlı xüsusi “qara siyahısı” var ki, Lapşin bundan da xəbərdar olub. Sadəcə, erməni müdafiəçilərinin sayının çox olması Aleksandr Lapşini bir az da arxayın edib. Görünür, görkəmcə cılız olan bloqqer, şəkil və video görüntülər hesabına qazancını da daha rahat qura bilib. Bəlkə də Belarus hökumətinin onu tutaraq Azərbaycana təhvil verməsini gözləmirdi. Düzü, vətəndaşlığını daşıdığı dövlətlər də gözləmirdi. Amma Belarus prezidenti Aleksandr Lukaşenko ədalətin bərqərar olunması üçün siyasi iradə göstərməyi bacardı. Bundan sonra Lapşinin nəsil-nəcabəti imdad diləsə nə dəyişəcək!
Yaxşı olar ki, imkan verin, cinayətkar cəzasız qalmasın!
Namidə BİNGÖL