“Hal-hazırda heç bir işdə çalışmıram. Sadəcə, elmi işlə məşğulam. Bir neçə aya yaxın olar ki, Moldovadan geri çağırılmışam. Nə vaxt hansısa işlə bağlı təklif edilərsə, dəyərləndirməyə çalışaram. Eyni zamanda, işlə bağlı təklif gəlsə belə, buna cavab verməyim doğru deyil”.
Bu sözləri Modern.az-a açıqlamasında keçmiş səfir, hüquq elmləri doktoru, professor Namiq Əliyev deyib.
O bildirib ki, elmi işi Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır.
“Gürcüstanda və Moldovada səfir kimi fəaliyyət göstərəndə elmi işlə məşğul ola bilmirdim. İndiki dövrdə isə elmi işlə məşğul olmaq üçün elmi əlaqələr qurmaq çox asandır. Dünyada yaşayan kolleqalarımızla əlaqə saxlayırıq. İnternet vasitəsilə bu daha asandır.
Elmi işə aidiyyatı olan son 15 ilimi Dağlıq Qarabağ məsələlərinə sərf etmişəm. Əvvəllər də bu sahə ilə məşğul olmuşam. Vaxt keçdikcə, yalnız Dağlıq Qarabağ və ərazi bütövlüyü məsələsi ilə məşğul olmaq qərarını verdim. Hüquqşünas olduğum üçün, Dağlıq Qarabağ probleminin hüquqi əsasları ilə məşğulam. Məsələyə alim kimi hüquqi aspektdən yanaşıram”.
Qeyd edək ki, Namiq Əliyev Azərbaycanın Gürcüstandakı və Moldovadakı səfiri olub. 2006-cı ildə Moldovadan geri çağrılıb.
Namidə BİNGÖL