Bu gün insanlarımızın əksəriyyəti işini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava məlumatlarına uyğun olaraq planlaşdırır. Yəni səfər edəcəksə, havanın pisləşəcəyi xəbərdarlığından sonra bunu bir çox hallarda təxirə salır. Yaxud əksinə, temeperaturun yüksələcəyi barədə nazirliyin Hidrometrolji Proqnozlar Bürosunun məlumatına əsasən, planlaşdırdığı səfərini edir.
Dünyada müşahidə edilən praktikaya görə, hava haqqında məlumat proqnoz xarakteri daşıyır və heç bir yerdə verilən proqnoz 100 faiz təsdiqini tapmır. Bu həm elmi, həm də praktik cəhətdən təsdiq olunmuş normativdir. Azərbaycanda da dəfələrlə həm nəzəri, həm də praktik cəhətdən təsdiqlənib ki, Milli Hidrometeorologiya Departamentinin açıqladığı proqnozlar 95-98 faiz təsdiqini tapır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin yaydığı rəsmi məlumatda fevral ayının 11-dən 14-ə qədər müddətdə hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi ərazilərdə sulu qar və qar yağacağı bildirilib. Bəzi kütləvi informasiya vasitələri bu xəbərdarlığı əsas gətirərək,Azərbaycanın bölgələrinə, eləcə də paytaxt Bakıya qar yağmadığını iddia edir. Amma hazırda Bakıda faktiki olaraq qar yağdığının şahidiyik. Bölgələrdə yağan qara isə şahidlik etməyə ehtiyac yoxdur. Çünki dövlət qurumları xüsusilə cənub bölgəsində yağan qarın təmizlənməsi üçün hərəkətə keçdiklərinə dair foto və videoları yayımlayıb.
Təbitətin şıltaqlıq etdiyi bir vaxtda, ləpə-ləpə yağan qarı görməməzlikdən gəlib “Milli Hidrometeorologiya Departamentinin və yaxud ekoloqların verdiyi hava haqqında məlumat özünü doğrultmadı” xəbərini tirajlamaq kimə və nəyə hesablanıb? Maraqlıdır, məlumatı yazan jurnalist yağan qarı görmür-görmür, xəbərə "ok" verən redaktorun da görmə ilə bağlı problemi var?..
Modern.az