Modern.az

Kamran Əliyev həmkarını təkzib etdi: "Heç bir cəza nəzərdə tutulmur"

Kamran Əliyev həmkarını təkzib etdi: "Heç bir cəza nəzərdə tutulmur"

17 Fevral 2017, 23:29

Artıq bir neçə gündür 12 yaşa kimi olan uşaqların avtomobildə gedən zaman xüsusi oturacaqlarda oturması məsələsi müzakirə olunur. Bu qaydanı pozan sürücülərin cərimə ediləcəyi ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun açıqlaması sürücülərin ciddi narazılığına səbəb olmuşdu. Modern.az saytı xəbər verir ki,  Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Sputnik Azərbaycan"a açıqlamasında arxa oturacaqda uşaqların xüsusi oturacaqlarda daşınmaması üçün xüsusi cərimə tətbiq edilə bilməz: "Bu qayda qanunvericilikdə mövcud deyil, sadəcə tövsiyə xarakteri daşıyır ki, kimsə öz uşağının təhlükəsizliyini təmin etmək istəyirsə, arxa oturacaqda da uşaqlar üçün xüsusi oturacaqlar quraşdırsınlar. Təkrar edirəm, arxa oturacaqda uşaqlar üçün xüsusi oturacaqların quraşdırılmaması ilə bağlı heç bir cəza nəzərdə tutulmur və bununla bağlı sürücü məsuliyyətə cəlb edilə bilməz".

Daha sonra K. Əliyev vurğulayıb ki, uşaqlar üçün oturacağın quraşdırılması minik avtomobillərinin qabaq oturacaqları üçün mütləq şəkildə nəzərdə tutulur:

"Minik avtomobilində uşaqlar üçün xüsusi oturacaq olmazsa, 12 yaşa kimi olan uşaqların daşınmasına görə inzibati məsuliyyət var. Sürücü ona görə 3 bal və 60 manat cərimə olunur".

Qeyd edək ki, Vaqif Əsədov isə sözügedən qaydanı pozan sürücülərin inzibati məsuliyyətə cəlb olunacağını açıqlamışdı: “Bu, yolverilməz haldır və təhlükəlidir. Sürücülərdən xahiş edirik ki, xüsusilə pik saatlarda, dərsdən gəlib-getmə zamanlarında, eyni zamanda azyaşlıların daşınması zamanı 12 yaşınadək uşaqların xüsusi oturacaqlarda oturmasını təmin etsinlər. Əks halda, qanunun tələbinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunacaqlar. Ən azından öz övladınızın həyati təhlükəsizliyi üçün bunu etməyə borclusunuz. Çünki yol qəzası baş verən zaman avtomobilin çırpılması ətalət qüvvəsi yaradır və nəticədə azyaşlı ağır xəsarət alır, bu da ölümə səbəb ola bilər”.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!