Modern.az

Deputat Zeynəb Xanlarovanın müdafiəsinə qalxdı: “Sülh platformasına qoşulmaq Ermənistanın işğalçılığına göz yummaq demək deyil”

Deputat Zeynəb Xanlarovanın müdafiəsinə qalxdı: “Sülh platformasına qoşulmaq Ermənistanın işğalçılığına göz yummaq demək deyil”

1 Mart 2017, 16:11

Milli Məclisin fevralın 24-də keçirilən son iclasında xalq artisti, deputat Zeynəb Xanlarova sərt çıxış edib. O, çıxışı zamanı bildirib ki, Azərbaycan mütləq müharibə etməlidir:

“Gəlin müharibə edək, erməniləri qıraq”, - deyə Zeynəb Xanlarova müharibə çağırışı edib:

“Neçə illərdir ki, bu məclisdən hamı çıxış edir. Bu çıxışlar hara gedir? Nə qədər özümüz deyib özümüz eşidəcəyik ki? Mənim torpağım alınıb, mən niyə dayanmalıyam? O ildən bu yana nə qədər şəhidlər gedib. Bir dəfəlik müharibə edək...”.


Xalq artistinin bu çağırışı cəmiyyətdə birmənalı qarşılanmayıb. O səbəbdən ki, əgər Zeynəb Xanlarova ötən ilin dekabrında yaradılan Ermənistan-Azərbaycan sülh Platformasına qoşulubsa, müharibə çağırışı niyə edir...

Sosial şəbəkələrdə də xalq artisti ilə əlaqədar “sülh platformasına qoşulmaq hara, müharibə çağırı hara?” kimi müzakirələr açıldı.


Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Məlahət İbrahimqızı Modern.az-a açıqlamasında deyib ki, son günlər Azərbaycanın  tanınmış və şöhrətli xalq artisti Zeynəb Xanlarova ilə bağlı mətbuatda gedən yazıları üzülərək oxuyub.

“Bəli tamamilə razıyam ki, Zeynəb Xanlarova parlamanetdə çıxış edərkən hədsiz dərəcədə emosional  olub. Zeynəb Xanlarova bu çıxışı zamanı Xocalı faciəsinin 25-ci ildönümündə səsləndirib. Zeynəb Xanlarova Azərbaycan qadınını qızının erməni quldurları tərəfindən başlarına açılmış vəhşiliklərin görüntülərinə baxarkən çıxış edib. Zeynəb Xanlarova dünyaya göz açmış körpə uşaqlara qarşı törədilmiş o vəhşiliyə baxdıqdan sonra çıxış edib. Zeynəb Xanlarova da anadır. 2 oğlu var. Bu günlərdə də erməni işğalçılarının cəbhə bölgəsində təxribat törədərək  vətənimizin gözüyaşlı oğullarının şəhid  olduqlarını eşitdikdən sonra çıxış edib. Bütün bunlardan sonra Zeynəb Xanlarovanın emosionallığını təbii qəbul etmək olar. Zeynəb Xanlarova çox gözəl bilir ki, müharibə əmrini ali baş komandan verir. 

Yazıları oxuduqdan sonra Zeynəb xanımın Milli Məclisdəki çıxışı ilə bağlı tənqidi fikirlər söyləyən insanları da qınadım. Görünür, həmin insanlar sülhün, müharibənin nə olduğunu, sülhlə müharibənin bir-biri ilə əlaqəsini, sintezini düzgün başa düşə bilmirlər. Müharibə bəzən sülhü qorumaq üçün olur. Azərbaycan xalqınının sevimli qızı, çox hörmətli xalq artisti Zeynəb Xanlarova hələ Azərbaycan müstəqil olmadığı dövrdə, Sovet İttifaqı zamanında “Ana qəlbim odlanır, söz düşəndə davadan” deyərək ,bütün dünyaya Azərbaycan xalqının, Azərbaycan anasının, qadınının nə qədər sülhməramlı, sevgi dolu olduğunu bəyan edib.

Zeynəb Xanlarovanı tənqid etməyə cəhd göstərən insanlar əvvəlcə onun keçdiyi yola nəzər salsınlar, sonra müsahibələr versinlər, onu tənqid etmək üçün fikirləşsinlər. Sülh platformasına imza atmaq, qoşulmaq o demək deyil ki, Azərbaycanın 20 faiz torpağı işğal altında qalmalıdır. Məhz bu sülh platformasına qoşulan Ermənistanın tanınmış QHT nümayəndələri, adamları Ermənistanı və  işğalçı Serj Sərkisyan rejimini tənqid edərək, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu fikirlərini səsləndirirlər.

Onlar da işğalçı Ermənistan rejimin Qarabağdan çıxmasını tələb edirlər. Eyni zamanda, bu Cənubi Qafqazda, xüsusilə də bizim bölgədə sülhün yaranması, stabilliyin, təhlükəsizliyin, davamlı inkişafının təməlinin qoyulmasına gətirib çıxarar. Sülh platformasında olan insanların heç biri demir ki, “biz bu platformaya qoşulmuşuq ki, torpaqlarımız işğal altında qalsın”. İşğal altında torpağımızın qalması sülh deyil”.


Məlahət İbrahimqızı deyir ki, bu gün nisbi sabitlik, sakitlik ola bilər, amma Azərbaycan xalqı, Azərbaycan qadını vətəni uğrunda yüzlərlə şəhid verib və belə çağırışlar anlaşılmalıdır.


“Azərbaycan anası öz övladını şəhid verməyib ki, torpaqlarımız işğal altında qalsın. Bu, qətiyyən belə deyil. Cənab prezidentimiz, ölkənin Ali Baş Komandanı da hər dəfə deyir ki, Azərbaycan ərazisində bir dəfə qondarma Ermənistan dövləti qurulub, İrəvan Azərbaycan xalqının ayrılmaz parçası olub və ikinci dəfə Azərbaycan torpaqlarında erməni dövlətinin qurulmasına imkan verilməyəcək. Amma işğalda olan torpaqlarımızın azad edilməsi üçün hələ ki danışıqlar yolu tükənməyib. Möhtərəm prezident, Ali Baş Komandan qeyd edir ki, bu məsələ dinc yolla həll olunmasa, heç kim torpaqların işğal altında qalmasına razı olmayacaq.

Möhtərəm prezident deyir ki, bu dözümün, səbrin müəyyən həddi var. Elə Zeynəb Xanlarovanın da Milli Məclisdə dedikləri budur. Sülh platformasına qoşulmaq işğalçı Ermənistan qarşısında öhdəlik götürmək demək deyil. Zeynəb xanım da deyir ki, biz sülhü dəstəkləyirik, amma Zeynəb Xanlarova heç bir yerdə öhdəlik götürməyib. Sadəcə olaraq, Ermənistanın mütərəqqi, sülhsevər, ədalətli və obyektiv olan bir nəfər də olsa adamı varsa,  biz onunla da əməkdaşlıq etməyə hazırıq. Sülh platforması o demək deyil ki, Ermənistanın işğalçılığına göz yumaq və sakitcə duraq, qətiyyən belə deyil. Azərbaycanın getdikcə artan nüfuzu, gücü ona imkan verir ki, beynəlxalq təşkilatlara kifayət qədər təpkilər olur. Cənab prezident bu yaxınlarda Münhen Təhlükəsizlik Konfransında bunu dəfələrlə vurğuladı. Bu gün ATƏT-in Minsk qrupuna turist agentliyindən başqa heç nə demək olmaz. Minsk qrupunun həmsədrləri turist kimi gəlib-gedirlər. ATƏT-in Minsk qrupunun həmsədrlik institutunun öhdəlikləri var, bu problemləri həll etməlidirlər. Həmsədrlər öhdəliklərini anlasalar, bir neçə gündür Ermənistan tərəfindən təxribatlar olmazdı. Bu təxribatda hər iki tərəfdən itkilər var.
Azərbaycan qadının övladları öz vətənini qorumaq üçün şəhid oldular, amma işğalçı rejim öz gənclərini işğalda qurban verir. Ermənistan analarının övladları nəyə görə ölür?!  Amma Azərbaycan anasının övladı şəhid olur. Bu, tamamilə fərqlidir. Ona görə, mən üzümü tutub demək istəyirəm ki, biz müharibə və digər yollarla öz torpaqlarımızı azad edəcəyik ki, regionda sabitlik olsun. Azərbaycan əsgəri sülhməramlı əsgərdir. Azərbaycan əsgəri heç vaxt erməni işğalçılarının etdiyini etməz. Müharibədə itki vermək müharibənin qanunudur, amma Azərbaycan əsgəri heç vaxt hamilə qadını öldürməz, onun cəsədi üzərində vəhşilik etməz, Azərbaycan əsgəri ilə erməni əsgərinin fərqi budur, Azərbaycan dövləti ilə Ermənistan dövlətinin -əgər ona dövlət demək olarsa - fərqi odur. Zeynəb Xanlarovanın dedikləri də bütün bunları tamamlayır”.


Namidə Bingöl

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU