“Nazirlər Kabinetinin 1-ci mikrorayonun yenidən qurulması ilə bağlı sərəncamın verilməsi üçün təşəbbüskar Fövqaladə Hallar Nazirliyi olub. Sərəncamda işlərin pilot layihə kimi həyata keçirilməsi nəzərdə tutulub”.
Modern.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, layihə özünü doğruldacaqsa, digər yaşayış massivlər və mikrorayonlarının da yenidən qurulması işlərinə başlanacaq.
Tikinti işlərinin başlanması üçün yerlər boşaldılmalı və sakinlər köçürülməlidir. Qərarda nəzərdə tutulub ki, sakinlər binlar tikilənədək kirayədə yaşamaq üçün kompensasiya ilə təmin olunsunlar.
O qeyd edib ki, tikiləcək mənzillərin sahəsi indikilərdən ən az 10 faiz çox olacaq.
“Bildiyiniz kimi, ərazidə qeyri-yaşayış binaları da var. Onlara da kompensasiya veriləcək. Kirayə haqqını tikinti aparan şirkət ödəyəcək. Qeyri-yaşayış sahələrinin sahibləri öz istəklərinə uyğun olaraq ərazini birdəfəlik də sata bilərlər. Bu, işlərin gedişi zamanı tərəflər arasında bağlanmış müqavilələrlə müəyyən olunacaq”.
E.Əsədov bildirib ki, ərazidə 2 uşaq bağçası,1200 yerlik 1 məktəb, uşaq poliklinikası, travmatologiya dispanseri və uşaq yaradıcılıq mərkəzi var. Baş nazir tərəfindən tapşırılıb ki, həmin obyektlərə həm Fövqəladə Hallar Nazirliyinin, həm də digər qurumların nümayəndələrilə birlikdə baxış keçirilsin və onlara gələcək taleləri müəyyən olunsun. Ehtiyac yarandıqda onların da sökülüb yerində eyni obyektin tikilməsi nəzərdə tutulub”.
Gülşən RAUFQIZI