Nazirlər Kabinetinin, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət işçi qrupunun yaradılması nəzərdə tutulub.
Modern.az xəbər verir ki bunu FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.
E.Əsədov deyib ki, bu, işlərin icrası zamanı qarşıya çıxan problemlər, o cümlədən, vətəndaşların şikayəti, hüquqi məsələlərin yerindəcə həllini tapması üçündür:
“1-ci mikrorayonda yenidənqurma işlərinin həyata keçirilməsi bir neçə mərhələdən ibarət olacaq. Layihənin reallaşmasına özəl şirkətlərin vəsaiti cəlb olunacaq”.
O bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, tədbirlər planının hazırlanmasına 15 gün vaxt verilib:
“Artıq bu işlərə başlanıb. İlk növbədə şəhərsalma sənədləri hazırlanacaq və maliyyə məsələləri həll olunacaq. İkinci mərhələdə araşdırma və təhlillər aparılacaq, sakinlərin və mənzillərin sayı dəqiqləşdiriləcək.
Üçüncü mərhələdə layihələndirmə işləri həyata keçiriləcək. Həmin müddətdə də ilkin olaraq söküləcək binaların sakinlərinin köçürülməsi reallaşacaq. Ərazi boşaldıqdan sonra tikinti işlərinə başlanacaq. Sonuncu mərhələ məskunlaşma ilə yekunlaşacaq”.
Gülşən RAUFQIZI