Modern.az

"Bir çox Avropa ölkəsi Azərbaycanı strateji tərəfdaş kimi qəbul edir"

"Bir çox Avropa ölkəsi Azərbaycanı strateji tərəfdaş kimi qəbul edir"

16 Mart 2017, 22:19

"Azərbaycanın, xüsusilə də son illər ərzindəki iqtisadi göstəricilərinə nəzər salsanız görərsiniz ki, bizim iqtisadi sahədəki nailiyyətlərimiz onu göstərir ki, güclü siyasi iradə, səfərbər olunmuş cəmiyyət, iqtidar və xalq arasında birlik mövcud olduğu halda hətta münaqişə, işğal və o qədər də sadə olmayan geosiyasi mühit şəraitində belə bir çox nailiyyətlər əldə etmək mümkündür. Bizim iqtisadiyyatımız dayanıqlı inkişaf nümayiş etdirir. Xarici borcumuzun səviyyəsi olduqca aşağıdır – ümumi daxili məhsulun 20 faizi qədərdir. Bu da bugünkü dünya üçün bir az qeyri-adidir. Yəni, biz həmişə qazandığımızdan az xərcləməyə çalışmışıq və bizim xarici valyuta ehtiyatımız xarici borcumuzdan 5 dəfə artıqdır". Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda Azərbaycan paytaxtında keçirilən V Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

Prezident qeyd edib ki, Azərbaycan müxtəlif layihələr üçün böyük həcmdə maliyyə vəsaiti cəlb edə bilir: "Lakin biz xarici borcun səviyyəsini artırmamaq üçün daxili resurslarımızdan istifadə etməyə çalışırıq. Xarici borcun səviyyəsinin aşağı olmasına baxmayaraq, bizim hədəfimiz onu daha da azaltmaqdır.

Regionların geniş inkişaf proqramı sayəsində biz son 14 il ərzində yoxsulluğun səviyyəsini 10 dəfə azaltmağa müvəffəq olmuşuq. Bu gün bu göstərici 6 faiz səviyyəsindədir. Işsizlik də təqribən 5 faiz səviyyəsindədir.

Azərbaycan iqtisadiyyatının neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən əziyyət çəkməsinə baxmayaraq, həmin vəziyyət bizi iqtisadi islahatların icrası sahəsində daha fəal olmağa məcbur etmişdir və biz qısa zaman ərzində bütün çətinliklərin öhdəsindən gəlməyi bacardıq.

Təsəvvür edin ki, gəlirləriniz 3-4 dəfə azalırsa, bu, istənilən dövlət, istənilən ailə üçün böyük çağırışdır. Çünki ölkələr və insanlar müəyyən həyat tərzinə və inkişaf səviyyəsinə öyrəşir və birdən-birə gəlir kəskin şəkildə, 3-4 dəfə azalır. Yəni, bu, hökumətimiz üçün ciddi bir çağırışdır. Lakin hesab edirəm ki, çətinliklərə baxmayaraq, biz bunun öhdəsindən gələ bildik, halbuki, müəyyən çətinliklər qalmaqdadır".

Dövlət başçısı qeyd edib ki, neftin qiymətinin aşağı olması şəraitinə uyğunlaşma artıq geridə qalıb və 2017-ci il iqtisadi artım ili olacaqdır: "Hətta ötən il, son 14 il ərzində ilk dəfə üzləşdiyimiz iqtisadi tənəzzül zamanı iqtisadiyyatımızın qeyri-neft göstəricilərinə nəzərə salsanız artımın şahidi ola bilərsiz.

Ötən il ərzində qeyri-neft sektorumuz 5 faiz, kənd təsərrüfatımız isə 2 faizdən çox artıb. Cari ilin ilk 2 ayı ərzində yenə də qeyri-neft sektorunda 5 faiz, kənd təsərrüfatında isə 3% faiz artım müşahidə edilir. Ümumi daxili məhsul artmağa başlayıb və bu ilin ilk 2 ayı ərzində qeyri-neft ixracımız təqribən 50 faiz artıb.

Beləliklə, uzun illər həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasəti artıq öz bəhrəsini verir. Qarşıdan gələn illər üçün hədəfimiz ixracın şaxələndirilməsidir. Bizim yeni bazarlara ehtiyacımız var. Əlbəttə, yeni bazarlara çıxış əldə etmək üçün biz, ilk növbədə, cəlbedici bazar hesab etdiyimiz həmin dövlətlər ilə yaxşı siyasi əlaqələrə malik olmalıyıq.

Xarici siyasət sahəsində Azərbaycan regionda və dünyada güclü mövqeyə malikdir. Beynəlxalq ictimaiyyət bizə hörmətlə yanaşır. Çünki biz müstəqil siyasət aparırıq və hər zaman vədlərimizə sadiqik. Yəni, biz etibarlı tərəfdaşıq və bütün qonşular ilə yaxşı, eyni zamanda, praqmatik əlaqələr qura bilmişik. Bu əlaqələr tarix, dostluq, qarşılıqlı maraq, qarşılıqlı hörmət, habelə bir-birinin işlərinə müdaxilə etməmək prinsiplərinə söykənir.

Regional əməkdaşlıq və bütün qonşularımız ilə münasibətlərimiz bizim üçün mühüm əhəmiyyət kəsb edir. Məncə bunu hər bir ölkəyə şamil etmək olar. Bir dövlətin qonşusu ilə hər hansı bir problem varsa, burada hər iki tərəf əziyyət çəkir".

İlham Əliyev ölkəmizin Ermənistan istisna olmaqla bizim bütün qonşuları ilə çox yaxşı əlaqələri olduğunu qeyd edib: "Biz çoxlu sayda enerji, nəqliyyat, ticarət və mədəniyyət layihələri həyata keçiririk ki, onlar xalqlarımızı daha da yaxınlaşdırır.

Biz Avropa İttifaqına üzv olan dövlətlərlə sıx əlaqələr yaratmışıq. Onların 9-u, yəni, üçdə biri ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb və ya qəbul edilib. Hesab edirəm ki, bunun özü də böyük nailiyyətdir. Bir çox Avropa ölkəsi Azərbaycanı strateji tərəfdaş kimi qəbul edir.

Bu, yalnız enerji ehtiyatlarına görə deyil. Bizim əməkdaşlığımız daha geniş sahələri əhatə edir. Ötən ay biz Avropa Komissiyası ilə yeni sazişin müzakirəsinə başlamışıq. Bu, tərəfdaşlıq sazişi olacaqdır və fəaliyyətimizin bir çox sahələrini əhatə edəcəkdir.

Belə bir siyasət bəzən tarazlaşdırılmış siyasət adlandırılır. Bəlkə də bu, məqbul termindir. Ancaq hesab edirəm ki, bu, dövlətimizin milli maraqları üzərində qurulan siyasətdir. Milli maraqlarımız isə onu diktə edir ki, biz münasibətlərimizi real yanaşma üzərində qurmalıyıq və əlçatmaz hədəflər müəyyən etməməliyik ki, sonradan məyus olmayaq.

Bunu Avropa İttifaqı ilə əlaqələrimizə də şamil etmək olar. Biz olduqca real hədəflər müəyyən etmişik və müzakirələr zamanı görürük ki, həmkarlarımız da artıq Azərbaycanla bağlı real yanaşma nümayiş etdirirlər.

Yəni, Avropa İttifaqı ilə assosiasiya sazişini imzalamaq əvəzinə, - hansı ki, səmimi danışsaq, heç bir real nəticə verə biləcək müqavilə deyildi, - biz fərqli yol ilə getməyə və tərəfdaşlıq sazişinin işlənib hazırlanmasına üstünlük verdik. Bunu həm də strateji tərəfdaşlıq sazişi adlandırmaq olar ki, o balanslı, qarşılıqlı faydalı və praktik nəticə verə bilən sənəd olacaqdır.

Çünki nəticəsiz siyasət populizmdir. Bizim isə bu işlərə itirəcək vaxtımız yoxdur. Biz siyasətimizi real vəziyyətə uyğun qururuq. Bəzən biz vəziyyəti dəyişməyə müvəffəq oluruq. Azərbaycan həm də bəzi dövlətlər arasında problemlərin olduğu vaxtda kommunikasiya baxımından sabitləşdirici amil rolunu oynayır".

Prezident qeyd edib ki,Azərbaycan etibarlı tərəfdaş hesab olunur: "Böyük dövlətlər ona hörmətlə yanaşır və onun müstəqil siyasəti artıq bir reallıqdır. Bu, yüksək qiymətləndirilir. Çünki tərəfdaşın hər zaman proqnozlaşdırılabilən olması satelit ölkə olmasından yaxşıdır. Bizim qonşuluğumuzda satelit ölkə var. Ancaq bu, müvəffəqiyyət və hörmət gətirmir.

Gələcəkdə də xarici siyasətə gəldikdə bizim siyasətimiz praqmatizm, milli maraqlar və təhlükəsizliyimiz üzərində qurulacaq. Biz terrorçuluqla mübarizədə çox fəal iştirak edirik. Azərbaycan 2001-ci ildən Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edən etibarlı tərəfdaşdır. İlk gündən etibarən orada bizim hərbçilərimiz xidmət edir.

Biz çox vacib olan “Şimal Paylaşma Şəbəkəsi” adlanan nəqliyyat şəbəkəsinin də fəaliyyətini təmin edirik. Bu istiqamətdə NATO uçuşları üçün hava məkanımızı təqdim etmişik. Bu isə sülhməramlı əməliyyatlara mühüm töhfədir. Azərbaycan NATO-ya üzv olmayan bir neçə ölkədən biridir ki, Əfqanıstan hökumətinə ciddi hərbi və iqtisadi yardım göstərir.

Sizə nəqliyyat sahəsində cərəyan edən son hadisələr haqqında məlumat vermək istərdim. Bu, bizim daxili məsələmiz deyil. Çünki bizim regionda təşəbbüskarı olduğumuz bu layihələr artıq genişlənir və qlobal layihələrə çevrilir.

Biz tərəfdaşlarımız – Gürcüstan və Türkiyə ilə dəmir yolunun inşasının təşəbbüskarı olduq. Bu dəmir yolu üç ölkəni və qitələri birləşdirir. Biz qarşılıqlı ticarət dövriyyəmizi bu dəmir yolu xətti olmasa belə artıra bilərdik. Ancaq bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirməyə lazımdır. Bu, ən qısa nəqliyyat marşrutudur. Ola bilsin ki, qiymət baxımından bu, ən ucuz marşrut deyil və biz tariflərin aşağı salınması üzərində çalışırıq. Lakin bu, ən qısa marşrutdur və yüklərinin qısa biz zamanda nəql edilməsinə üstünlük verən şirkətlər bu nəqliyyat şəbəkəsindən mütləq istifadə edəcəklər.

Şərq-Qərb nəqliyyat dəhlizi əməkdaşlıq və biznes dəhlizidir. Bu layihə artıq Azərbaycanda və qonşu ölkələrdə minlərlə yeni iş yeri yaratmaqdadır və ölkələrimizə böyük mənfəət gətirəcəkdir. Əlbəttə, bizim tranzit ölkə kimi də rolumuz artacaqdır.

Bu layihəni ilhamlandıran enerji şaxələndirilməsinin təmin edilməsi idi. Bir daha qeyd edim ki, biz bu layihəni gürcü və türk qonşularımızla birlikdə icra etməyə başladıq. Hazırda o genişlənir və artıq bir sıra neft və qaz kəmərlərinin inşası nəticəsində çoxlu sayda ölkələr bu prosesdə iştirak edirlər.

İlk layihə Azərbaycanı Qara dəniz limanları ilə birləşdirən neft kəməri idi. Növbəti kəmər bizi Aralıq dənizindəki liman ilə birləşdirdi. Nəhayət, növbə qazpaylayıcı infrastrukturun yaradılmasına çatdı ki, bu da uğurla həyata keçirilir.

Artıq 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Albaniya Cənub Qaz Dəhlizinin üzvüdür. Daha üç Balkan ölkəsi – Xorvatiya, Monteneqro və Bosniya-Herseqovina isə layihənin növbəti mərhələsində bizim tərəfdaşlarımız olacaq.

 

Bu, həqiqətən də XXI əsrin layihəsidir və onun dəyəri 40 milyard dollardır. Bu layihə Azərbaycan tərəfindən irəli sürülüb və tərəfdaşlarımız, Avropa Komissiyası tərəfindən dəstəklənib. Hətta son iki il ərzində neftin qiymətlərinin aşağı olduğu bir vaxtda bu layihə uğurla həyata keçirilir və onun icrası ilə bağlı bizim maliyyə öhdəliklərimizin ödənişi baxımından heç bir gecikmə olmamışdır. Sərmayələr Xəzər dənizində yerləşən nəhəng qaz yatağı ilə bağlıdır və bu, Bakıdan İtaliya sahillərinə qədər uzanan, bir-biri ilə əlaqəli 3 kəmərdən ibarət vahid bir sistem layihəsidir.

Bu, enerji təhlükəsizliyinə töhfədir. Eyni zamanda, bu, regional əməkdaşlığa töhfədir. “Cənub Qaz Dəhlizi” layihəsinə üzv olan ölkələr artıq təbii, uzunmüddətli tərəfdaşlara çevrilmişlər. Yəni, biz burada Qafqazda və Türkiyədə olan müsbət regional əməkdaşlığı Avropa, Avropa İttifaqı istiqamətində apara bilmişik. Bu isə öz növbəsində bənzərsiz bir əməkdaşlıq format yaradır".

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza