Modern.az

Təbii balı saxta baldan ayırd edən 10 QIZIL QAYDA

Təbii balı saxta baldan ayırd edən 10 QIZIL QAYDA

2 Aprel 2017, 15:07

Arıçılıq qədimdən insanların məşğuliyyətinə çevrilmişdir. Arıçılıq haqda ilkin informasiyalara qədim misir papiruslarında rast gəlinir. Həmin vaxtlarda arıçılıq Misirdə geniş inkişaf etmişdir. Qədim misirlilər bal və digər arı məhsullarının (arıdan əldə edilən məhsullar sırasına baldan əlavə propolis, arı südü, arı zəhəri, vərəmum, çiçək tozcuğu-güləm aiddir) müalicəvi təsirləri haqda çox şey bilirdilər. Həmin dövrdə Vavilyonda, Fələstində, Assuriyada, Ərəbistan və Krit adasında da arıçılıqla məşğul olurdular. Qədim Yunanıstana arıçılıq elə məhz Misirdən keçmişdir. Homerin əsərlərində bal və ondan yunanların qida məqsədilə istifadə etmələri haqda məlumatlara rast gəlmək mümkündür.

 

Bal dünyanın ən möcüzəvi məhsullarından biridir. Bal bəşəriyyətə çoxdan məlum olan və dadlı bir təam, həm də dərman kimi istifadə edilən bir məhsuldur. Bal çox qiymətli bir qida məhsuludur. Bal mədədə uzun müddət qalır, bağırsaqdan asanlıqla keçərək limfatik sistemə sorulur, buradan isə qana və toxumalara yayılır. Balın əsas tərkibi insan orqanizmi tərəfindən asanlıqla mənimsənilən qlükoza və fruktozadır. Bunlardan əlavə tərkibində olan vitamin kompleksi, mikroelement, antibakterial maddə, biogen stimulyatorların hesabına balı təbii unikal bir dərman da hesab etmək olar. Balın kimyəvi tərkibi onun hansı çiçəklərdən, hansı ərazidə və ilin hansı fəslində yığılmasından asılı olaraq dəyişir. Baldan həm elmi, həm də xalq təbabətində istifadə edilir.

 

Hal-hazırda yeni sort balların işlənməsi üsulları hazırlanmışdır. Bu məqsədlə arıları xüsusi şirintəhər məhlulla qidalandırırlar. Balın bu əldə edilmə üsulu ekspress və ya sürətli üsul adlanır. Bu metodla 85 yeni sort bal əldə edilmişdir: polivitamin, hematogen, südlü, jenşen balı və s. İndi süni bal da sintez edirlər: qarpız, yemiş, qarğıdalı, balqabaq, xurma balı və s. Bu cür balı bu meyvələrin şirələrinin uzun müddət buxarlandırılması yolu ilə əldə edirlər. Təbii ki, bu cür təam həm kimyəvi tərkibinə, həm də müalicəvi təsirinə görə təbii balı əvəz edə bilməz. Təəssüflər olsun ki, hal-hazırda bazarlarda keyfiyyətsiz, saxtalaşdırılmış yalançı ballara da rast gəlirik. Bəs təbii balı saxta baldan necə ayırd etməli:

 

10 QIZIL QAYDA

Satıcılar çox zaman bala təbii görüntü vermək üçün ona un və ya nişasta qatırlar. Bu da balın dad keyfiyyətinə və kalorisinə mənfi təsir edir. Bunu müəyyən etmək üçün bir qədər balın üzərinə azca distillə olunmuş təmiz su (ev şəraitində qaynadılmış su da olar) əlavə edib qarışdırın. Daha sonra isə bir neçə damcı yod əlavə edin. Əgər maye göyərərsə, deməli balda un və ya nişasta qatqısı var. Əksinə olarsa, deməli qatqı yoxdur. Un və ya nişasta qatqısının olmasını balın yapışqan kimi olmasına və kristallaşmamasına əsasən də bilmək olar. Əgər bal uzun müddətdir qalıb və xarlanma (kristallizasiya) baş verməyibsə, bu bal saxtadır. Ancaq bal xarlanıb, lakin kristallaşma bərabər səviyyələrdə getməyibsə, bu da balın saxtalığına işarədir. Həmçinin təbii bal uzun müddət qaldıqda rəngi tündləşir, konsistensiyası qatılaşır.

 

Saxta balın heç bir ətri olmur. Lakin bəzi bitkilərdən alınan balın da ətri olmaya bilər. Məsələn, yağıotu (ivançay) bitkisinin balı.

Hətta bəzən bala tabaşir də qatırlar. Bunu tərkibdə müəyyən etmək üçün balı bir qədər təmiz suda həll edib üzərinə bir neçə damcı sirkə damızdırın, əgər məhlul qaynamağa, köpüklənməyə başlayarsa, bu tərkibdə tabaşirin olmasını göstərir.

Balı təmiz suda həll edin, əgər çoxlu çöküntü yaranarsa, bal saxtadır. Təbii balda çox cüzi çöküntü ola bilər.

Təmiz təbii bal köpüklənməməlidir, əgər köpüklənirsə, bu balın tam yetişmədiyini və turşuduğunu göstərir.

Balın su ilə 5-10%-li məhluluna AgNO3 (gümüş-nitrat) məhlulu tökdükdə ağ çöküntü verərsə, bu balın tərkibində şəkər şərbətinin olduğunu göstərir.

Təbii balda su olmamalıdır. Bunu müəyyən etmək üçün bala bir tikə çörək salın və 10 dəqiqə gözləyin. Əgər çörək yumşalarsa, balın tərkibində deməli su var, yox əksinə olaraq bərkiyərsə, onda bal təbiidir.

Baldan bir qədər götürüb onun axıcılığına fikir verin, əgər bal yavaş-yavaş axırsa, axını həmcins olub heç yerdə qırılmırsa, bu bal təbiidir.

Balın içərisinə nerj materialından olan bir məftil salın, məftili geri çəkdikdən sonra məftilin üzərində bal qalıbsa, bal saxtadır.

Barmaqlarınıza bir qədər bal yaxıb saxlayın, saxta bal əldə yapışqanlılığını tez itirir, təbii bal isə uzun müddət saxlayır.

 

 

Arı məhsulları  üzrə mütəxəssis, “Propolis” apifito məhsulları satış mərkəzinin rəhbəri

İlham Atakişiyev

070-233-15-17

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza