Gənc aktyor kollektivindən ibarət “ADO” teatrı sayca altıncı açılış mərasimini həyata keçirib. Bununla bağlı teatrın qurucu rəhbəri, aktyor və rejisor kimi fəaliyyət göstərən Elmin Bədəlov Modern.az saytı ilə fikirlərini bölüşüb:
“Əslində bizdən asılı olmayan müəyyən səbəblərdən tez- tez yerimizi dəyişməli oluruq. Biz də istəyərik ki, bir yerimiz, bir məkanımız olsun. Teatr köçürmək çox çətin prosesdir. İşıqları, dekorasiyaları eyni zamanda digər lazımi avandanlıqları hər dəfə söküb quraşdırmaq asan deyil. Təxminən bir aya yaxındır ki, bu açılışın üzərində işləyirdik. İnsanların maraqla gəlib izləməsinin şahidi oldum. Bunu bacardığımıza görə çox sevinirəm.”
Eyni zamanda Elmin Bədəlov kollektivinin tək tamaşaların təqdimatı ilə kifayətlənməyəcəklərini bildirdi:
“Açılışa tamaşa ilə yox, qısa zaman çərçivəsində Elsa Furtadonun ifasında “Hamam” performansı ilə başladıq. Çünkü burada tamaşalarla yanaşı, geniş tədbirlərin - yəni sərgilər, konsertlər, kitab təqdimatlarının həyata keçirilməsi də nəzərdə tutulub. Ona görə də bu dəfə açılışı müasir incəsənət məkanının təqdimatı kimi həyata keçirdik. Elə ilk açılış günümüzdə dünya şöhrətli rəssam Cavad Mircavadovun həyat yoldaşı rəssam Lyubov Mircavadovanın rəsmləri də nümayiş olundu. Eyni zamanda insanlar fransız musiqiçisi Pier Treqomənlə azərbaycanlı xanəndə Qoçaq Əsgorovun birgə musiqiləri ilə tanış oldular. Bu kimi tədbirləri rayonlarımızda və xarici ölkələrdə də davam etdirməyi planlaşdırırıq.
Sonda Elmin Bədəlov gənc aktyorlara dəstək olacağını da vurğulayıb:
“Beş illik fəaliyyətimizin tamam olması münasibəti ilə gənc aktyorlara dəstək üçün ödənişsiz kurslar təşkil edirik. Bu “ADO”nun teatr sevənlərə və teatra qoşulmaq istəyənlərə olan jestidir. Çünkü aramızda elə istedadlı və qabiliyyətli insanlar var ki, onların maddi durumu zəifdir və onlar irəli getməkdə çətinliklərlə qarşılaşırlar. Bu cür istedadlar da üzə çıxmayanda itib gedir. Təbii ki, biz də də maddi durum çox da yaxşı deyil. Ancaq bacardığımız qədər gənclərə dəstək olmağa çalışırıq”.
Qeyd edək ki, 2013-cü ildə yaranan ilk müstəqil “Oda” teatrı daha sonra adını və fəaliyyət planını genişləndirərək “ADO Theatre – Collective” kimi işlərini davam etdirib.
Aida İSAQ