Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Turizm haqqında” qanun layihəsi yeni variantda müzakirəyə çıxarılıb.
Modern.az xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin Sosial qanunvericilik şöbəsinin əməkdaşı Adil Vəliyev məlumat verib.
O bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsi ilkin variantdan xeyli fərqlənir.
“Qanun layihəsində 88 maddə ixtisar olunub və 70 maddəyə endirilib. Bu, hələ də tam yetkin qanun layihəsi deyil və bir sıra maddələr ixtisar oluna bilər. Yəni, bu, son deyil”.
A.Vəliyev həmçinin qeyd edib ki, qanunda turizm sektorunun stimullaşdırılması məqsədi ilə bir sıra müddəalar nəzərdə tutulub.
“Hansı ki, turizm sektoruna sərmayə qoyan sərmayədarlara güzəştlərin tətbiqini nəzərdə tutur”.
A.Vəliyev deyib ki, sənəddə turzimin müxtəlif növlərinin hüquqi tənzimlənməsi və inkişaf strategiyası öz əksini tapıb.
Mirmahmud KAZIMOĞLU