Modern.az

Ermənistan rəhbərliyi “Aprel itkiləri"ni açıqlamaqdan QORXDU

Ermənistan rəhbərliyi “Aprel itkiləri"ni açıqlamaqdan QORXDU

Aktual

5 Aprel 2017, 16:48

Ötən ilin aprel hadisələri  ölkəmizin şanlı səhifələrindən biridir.  Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibənin üstündən artıq bir il ötür. Həmin vaxtlar ermənilərin hücumları və növbəti zorakı addımları nəticəsində  itkimiz olsa da, müasir silah və texnika ilə tam təmin olunmuş Azərbaycan ordusunun  uğurlu həmləsi nəticəsində qarşı tərəfin itkiləri daha çox oldu. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, 320 döyüşçüsü öldürüldü və 500-dən artıq hərbçisi yaralandı.

Buna baxmayaraq Ermənistan hələ də bu reallığı qəbul edə bilmir və itkilərini gizlədir. Hərbi ekspert Azad İsazadə Modern.az-a bildirib ki,  “Aprel döyüşləri” qələbə yox, uğurlu hərbi əməliyyatdır. O, həmçinin erməni tərəfinin itki sayını gizlətmə səbəbi haqqında da danışıb.


“Ümumiyyətlə müharibələrdə hər iki tərəf itkiləri gizlətməyə çalışır. Xüsusilə də məğlub olan tərəf öz itkilərini maksimal dərəcədə azaltmaq istəyir. Burada məqsəd aydındır. Yadınızdadırsa, aprel hadisələri zamanı erməni tərəf itirilən əraziləri də azaldırdı. Sözsüz ki, öz itkilərini də gizlədirdilər. Əslində bu məntiqlidir.
Aprel müharibəsi ilə biz Xocalının intiqamını heç vaxt almış sayılmırıq. Sadəcə, daha böyük qələbələrlə bir balaca özümüzü sakitləşdirə bilərik. Əgər biz erməni tərəfi ilə  hesablaşdığımızı zənn etsək, Xocalı soyqırımını yaddan çıxardacağıq.  Bu ağrını xalqımız, eyni zamanda növbəti nəsillər də axıra kimi yaşamalı, yaşatmalıyıq.  Aprel döyüşləri qələbə  yox, daha çox  uğurlu hərbi əməliyyatdır. Qələbə inşallah qabaqdadır”.

Politoloq Qabil Hüseynli  isə Modern.az-a açıqlamasında  Ermənistan tərəfinin itki sayını mütəmadi olaraq gizlətdiyini deyib.

“İtkilərin gizlədilməsi hər ölkə praktikasında tətbiq edilən metodlardan biridir. Bu cəmiyyətin həyəcanlanmaması, ölkədə sabitliyin pozulmaması üçün atılan addımdır. Amma Ermənistan tərəfi bunu artıq mütəmadi olaraq edir. Bu, artıq onlarda ənənəyə çevrilib. Xüsusilə, aprel hadisələrində  böyük məğlubiyyətə uğraması  və xeyli torpağın Azərbaycana qaytarılması  Sarkisyan rejimi üçün ölüm  hökmünün verilməsinə bərabər olardı. Ona görə də onlar həm geri qaytarılan torpaqların əhəmiyyətini azaldır, həm də 300-dən çox itkini 100-ə qədər  salırlar. Bununla da Ermənistan cəmiyyətinin ayaqlanmasına imkan vermək istəmirlər. Bu həm də seçkilər ərəfəsində olan Serj Sarkisyan üçün çox təhlükəli nəticələrə gətirib çıxara bilərdi”.


Günay Rəsulqızı

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza