Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq-Mərcanlı kəndində tikinti işləri sürətlə həyata keçirilir. Bu gedişlə sakinlərin məskunlaşması üçün fərdi yaşayış evlərinin tikintisi tezlkiklə başa çatdırılacaq. Həmçinin, kənddə məktəb binasının bünövrəsi qoyulub. İlin sonuna qədər məktəbin istifadəyə veriləcəyi gözlənilir.
Cocuq Mərcanlıda aparılan işlərlə bağlı Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov Modern.az-a açıqlamasında deyib ki, kənddə məskunlaşmaq üçün müraciət edənlər arasında əslən Cocuq Mərcanlıdan olmayanlar da var.
“Bu günə qədər Cocuq Mərcanlıda məskunlaşmaq üçün 250-dən çox müraciət daxil olub. Hətta bir məqamı da qeyd edim ki, respublikanın başqa rayonlarından da Cocuq Mərcanlıya köçüb yaşamaq istəyən vətəndaşlarımız var. Bu da sevindirici haldır. Təbii ki, biz ilkin mərhələdə Cocuq Mərcanlıdan olan 400-dən çox ailənin, burada məskunlaşmasına çalışırıq. Növbəti mərhələdə digər müraciətlərə də baxılacaq”.
İcra başçısının müavini bildirib ki, işlər mərhələli şəkildə həyata keçiriləcək.
“Cocuq Mərcanlıya qayıdacaq sakinlərin bütün məşğulluğu, lazım olan sənədlər öz həllini tapacaq. Bu, böyük qayıdışın ilkin başlanğıcıdır. İnşallah, sonrakı mərhələdə digər torpaqlarımız və kəndlərimiz işğaldan azad olunacaq. Cocuq Mərcanlıda davam etdirilən tikinti, quruculuq işləri həmin yerlərdə də həyata keçiriləcək. Cocuq Mərcanlıda yaşayış üçün nə ifrastruktur varsa, hamısı mərhələli şəkildə qurularaq, yüksək səviyyədə sakinlərin istifadəsinə veriləcək”.
Namidə BİNGÖL