Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə Modern.az saytının suallarını cavablandırıb.
-Azərbaycan-Rusiya əlaqələrini necə qiymətləndirirsiniz?
-Ulu öndər Heydər Əliyev 1993-cü ildən hakimiyyətə gələndən sonra Rusiya ilə əlaqələr yüksək səviyyədədir. Bütün sahələr üzrə əməkdaşlıq olunur. Rusiya ilə aramızda hər hansı bir gərginlik yaradacaq problem yoxdur və yaşanmır. Təsadüfi deyil ki, Rusiya Dağlıq Qarabağ probleminin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Rusiyanın da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, problemin həllinə vaxtaşırı öz töhfəsinin verməsi də maraqla qarşılanır. Bizim Rusiya ilə iqtisadi əlaqələrimiz güclüdür. Rusiyada Azərbaycan, Azərbaycanda isə Rusiya kapitalı oturub. Bunlar da dövlət tərəfindən qorunur və buna qayğı göstərilir. Beynəlxalq aləmdə də fəaliyyətimiz var. Bu gün də münasibətlərimiz çox yüksək səviyyədədir.
-Bəs Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti barədə nə deyə bilərsiniz?
-İşçi qrupumuz çox fəaldır. Vaxtaşırı Rusiyadakı Azərbaycanla işçi qrupunun nümayəndələri ölkəmizə səfər edirlər. Rusiyanın Azərbaycandakı səfirliyi ilə sıx əlaqəmiz mövcuddur. Dəfələrlə həm ümumi tədbirlərdə, həm də səfirlə işçi qruplarının görüşləri olub. İşçi qrupunun üzvləri Rusiya səfirliyinin keçirdiyi tədbirlərdə, dəyirmi masalarda iştirak ediblər. Rus icması ilə sıx əlaqəmiz var. Rusiya ilə bağlı sənədlərin Milli Məclisdə müzakirəsində biz hər iki ölkənin maraqlarına xidmət edən sənədlərin dəstəklənməsi üçün çıxış etmişik. Həmçinin parlament də bu mövqedən çıxış edir. Hesab edirəm ki, bu məsələdə üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışmışıq.
-Azərbaycanın Rusiyadakı səfirliyi ilə əlaqə necədir?
-Səfirliklə əlaqələrimiz çox yaxşıdır. Səfirliyimiz Azərbaycanın maraqlarını kifayət qədər qoruyur. Rusiyadakı səfirimiz Polad Bülbüloğlu həm səfir kimi, həm də vətənpərvər azərbaycanlı kimi Azərbaycanın maraqlarını yüksək səviyyədə qoruyur.
-Səfirlik sizə hər hansı bir köməkliyi edirmi?
-Prinsipcə birgə fəaliyyət göstəririk. Tədbirlərin keçirilməsində təşkilatçılığı səfirlik də, işçi qrupu da edə bilər. Tədbirlər həmişə bir qayda olaraq, birgə təşkilatçılıqla keçirilir. Rusiyada keçirilən tədbirlərdə bir qayda olaraq səfirliyin işçiləri , əsas tədbirdə isə səfirin özü iştirak edir.
-Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdə hansı məsələlər müzakirə olunur?
-Azərbaycan-Rusiya münasibətlərinə aid olan bütün məsələlər müzakirə edilir. Hansı mövzu ilə görüşlərin keçirilməsindən asılı olmayaraq Dağlıq Qarabağ problemi daim gündəlikdə olur. Müzakirələr zamanı Rusiyanın həmsədr olmasını yada salırıq. Rusiyanın bu məsələdə daha aktiv olacağını bildiririk.Rusiyanın Ermənistanla münasibətlərində bizi narahat edən hansısa məsələni qabardırıq və s.
Mirmahmud KAZIMOĞLU