Modern.az

Məktəbəqədər təhsil şəbəkəsi GENİŞLƏNƏCƏK – rus, alman, ingilis dilli BAĞÇALAR...

Məktəbəqədər təhsil şəbəkəsi GENİŞLƏNƏCƏK – rus, alman, ingilis dilli BAĞÇALAR...

6 Aprel 2017, 11:45

 

“Məktəbəqədər təhsil müəssisələrinə ali pedaqoji təhsilli kadrlar rəhbər təyin olunmalıdır. Əgər məktəbəqədər təhsil müəssisələrinə ancaq məktəbəqədər təhsil ixtisasını bitirmiş kadrların təyini icbari olarsa, bu, gələcəkdə ciddi kadr çatışmazlığı yaradacaq”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibəyli komitənin iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

Komitə sədri bildirib ki, ölkə ərazisində məktəbəqədər təhsil müəssisələrinin yaradılması ilə bağlı dövlət proqramları həyata keçirilir. Və yaxın gələcəkdə demək olar ki, respublikanın əksər ərazisində məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərəcək.

 

“Bu zaman isə kadr problemi ortaya çıxa bilər. Ona görə də kadr problemi yaşanmasın deyə, məktəbəqədər təhsil müəssisələrinə təkcə məktəbəqədər təhsil ixtisasi alan şəxslərin deyil, ümumiyyətlə, ali pedaqoji təhsilli kadrların təyin olunmasının qanun layihəsində əksini tapmasını təklif edirik. Hesab edirik ki, bu, işin ancaq xeyrinə ola bilər”.

Komitə sədri bildirib ki,  ölkədə 5 yaşlı uşaqların məktəbəqədər təhsil müəssisəsində təhsili mütləq sayılır.

 

“Layihədə 5 yaş məhdudiyyəti də aradan qaldırılıb. Bu, Konstitusiyanın tələbidir”. İ. Həbibbəyli deyib ki, ölkədə digər dillərdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərə bilər. “Yəni, ana dilinin prioritetliyini saxlamaqla yanaşı, məktəbəqədər təhsil müəssisələrində başqa dildə fəaliyyət göstərən qruplar və ya ayrıca digər dillərdə bağçalar da fəaliyyət göstərə bilər.

 

Bizdə əsasən rus, ingilis, fransız və alman dilində bağçalar fəaliyyət göstərə bilər və bunda da hər hansı problem ola bilməz”.

Komitə sədri həmçinin qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrinin hər beş ildən bir akkreditasiyadan və işçilərin attestasiyadan keçirilməsi nəzərdə tutulur.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza