6 aprel, 2017-ci il, İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) Azərbaycan Respublikasının Bakı şəhərində İdarə Heyətinin 25-ci yığıncağını keçirib.
2017 İslam Oyunlarından Modern.az-a verilən məlumata görə, yığıncaq İHİF-in Prezidenti Şahzadə Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləzizin rəhbərliyi altında, Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Zati-aliləri cənab Azad Rəhimovun və Türkiyə Respublikasının Gənclər və İdman Naziri Zati-aliləri cənab Akif Çağatay Kılıçın iştirakı ilə təşkil olunub.
İlk növbədə, Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz İHİF İdarə Heyətinin bütün üzvlərini və yığıncaqda iştirak edən hər kəsi səmimi qəlbdən salamlayıb. Giriş nitqində o, qonaqpərvərlik və lütfkarlığa görə Azərbaycan xalqına, Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarına ciddi şəkildə hazırlaşdığına görə isə Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinə (AİHOƏK) təşəkkür edib.
Eyni zamanda o, Oyunların böyük uğur qazanması üçün dəstəyini əsirgəməyən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə və Oyunların idarə edilməsi və səmərəli təşkilini stimullaşdırdığına görə Respublikanın Birinci Vitse-prezidenti və AİHOƏK-in Sədri Zati-aliləri Meriban Əliyevaya dərin minnətdarlığını bildirib.
Giriş nitqindən sonra gündəliyin bütün məsələləri müzakirəyə çıxarılıb. Yığıncağın gündəliyinə əsasən əvvəlki idarə heyəti dövründə İHİF-in gördüyü işlər və keçirdiyi seminarlar müzakirə edilib.
Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilmiş Gənclər və İdman Nazirlərinin İslam Konfransının 3-cü sessiyasında qəbul edilmiş İslam ölkələrində idmanın inkişaf strategiyası İHİF-in idarə heyəti tərəfindən nəzərdən keçirilərək təsdiq edilib.
İHİF-in idarə heyəti tərəfindən 2021-ci ildə keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları üçün İstanbul şəhərinin namizədlik müraciətinə baxılıb və namizədlik təsdiq edilib.
İHİF-in prezidenti 2021-ci ildə keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyi üçün Türkiyə Cümhuriyyətinə səmimi təbriklərini çatdırıb. O, eyni zamanda 5-ci oyunlara ev sahibliyi edəcəyi üçün Türkiyə Cümhuriyyəti xalqına və hökumətinə minnətdarlığını bildirib.
Yığıncağın sonunda İHİF-in prezidenti idarə heyətinin bütün üzvlərinə və yığıncaq iştirakçılarına təşəkkürünü bildirərək onlara daha çox müvəffəqiyyət və tərəqqi arzu edib.
Namidə BİNGÖL