Modern.az

Müəllimlərin sertifikasiyası olacaq, işə qəbulu üçün də yeni qaydalar hazırlanır

Müəllimlərin sertifikasiyası olacaq, işə qəbulu üçün də yeni qaydalar hazırlanır

7 Aprel 2017, 14:09

Azərbaycanda müəllimlərin sertifikasiyasının keçirilməsi nəzərdə tutulub.

Modern.az xəbər verir ki, bunu aprelin 7-də Təhsil Nazirliyində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı keçirilən mətbuat konfransında qurumun insan resursları şöbəsi müdirinin müavini Eşqi Bağırov deyib.

E.Bağırov bildirib ki, nazirlikdə müəllimlərin sertifikasiyası qaydaları hazırlanıb və qanunvericilikdə dəyişiklərin edilməsi üçün Nazirlər Kabinetinə təqdim edilib. Qaydalar təsdiq edilsə, qanunvericilikdə dəyişikliklər olsa, müəllimlərin sertifikasiyası keçiriləcək. Bundan sonra həmin müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsinə baxılacaq. Təbii ki, sertifikasiyadan keçməyən müəllimlər müəssisədə qalıb işləyə bilməyəcəklər.

Hazırda sertifikasiyada hansı müəllimlərin iştirak edəcəyinə dair dəqiq qərarın verilmədiyini vurğulayan E.Bağırov diqqətə çatdırıb ki, bu proses bütün müəllimləri əhatə etməyəcək. O deyib: “Təbii ki, ilkin mərhələdə müəyyən bir hədəf qrupu seçiləcək. Çünki 150 min müəllimin sertifikasiyasının birdən-birə təşkili mümkün deyil. Dövlət təhsil sənədi olmayanlar və müsabiqədən kənar işə qəbul edilənlər diaqnostik qiymətləndirməyə buraxılmayacaqlar, həmçinin onların sertifikasiyada da iştirakı mümkün deyil”.

Təhsil Nazirliyi tərəfindən Azərbaycanda müəllimlərin işə qəbulu üzrə yeni qaydalar hazırlanıb.

Eşqi Bağırov deyib ki, bu qaydalara əsasən, 2017-ci ildə daha çox vakansiyanın və namizədin olması gözlənilir.

Aprelin 1-də Azərbaycanda direktorların işə qəbulu üzrə müsabiqənin başlandığını xatırladan Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov diqqətə çatdırıb ki, bu il direktor olmaq istəyən namizədlərin sayının rekord səviyyədə olacağı gözlənilir. O deyib: “Çünki ötən il ümumilikdə direktorların işə qəbulu üzə müsabiqəyə 3 min nəfər namizəd sənəd verib. Bu il isə ərizə qəbulunun başlandığı altı gün ərzində Bakı şəhəri istisna olmaqla, region məktəblərində direktor işləmək istəyən 2 mindən çox namizəd elektron qeydiyyatdan keçib”.

E.Baǧırov vurğulayıb ki, Bakı şəhəri üzrə məktəblərdə direktor olmaq istəyən namizədlər üçün təlimlər də keçiriləcək. Müvafiq ali təhsil müəssisələrində təşkil ediləcək bu təlimlərdən uğurla keçən namizədlər daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibədən keçən namizədlər Təhsil Nazirliyində keçiriləcək müsabiqədə iştirak edəcəklər.


Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza